Naxçıvanda tanınmış alimin yubileyi

post-img

Naxçıvan Dövlət Universitetində bu ali məktəbdə uzun illər dərs demiş, rəhbər vəzifələrdə çalışmış, ömrünün yeddinci onilliyinin tamamına 7 ay qalmış dünyasını dəyişmiş dosent Nazim Bababəylinin 70 illik yubileyi sevgi-sayğılarla qeyd edilib. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Nazim Baba­bəylinin çoxillik zəngin elmi-pedaqoji fəaliyyətindən danışaraq bildirib ki, tanınmış coğrafiyaçı alim həm də muxtar respublikanın ictimai-mədə­ni həyatında fəal iştirak edirdi. O, Naxçıvan MR Ali Məclisinin deputatı və Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azər­baycan nümayəndə heyətinin üzvü idi. Mərhum həmkarımıza muxtar respublikanın Əməkdar müəllimi fəxri adı verilmişdi, alim “Tərəqqi” və “Akademik Plyuqin” medallarına layiq görülmüşdü.

Təbiətşünaslıq və kənd təsər­rüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov, bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova, coğrafiya kafedrasının baş müəllim­ləri Etiqad Bəktaşi, Əli Qurbanov, Nurlana Qənbərova, Əməkdar jur­nalist, rejissor Səməd Canbaxşiyev Nazim Bababəyli ilə bağlı xatirələrini danışıblar, yubilyar alimin çap olun­mamış və yarımçıq elmi işlərinin top­lanılıb kitab şəklində nəşr edilməsi­nin vacibliyini qeyd ediblər.

BDU-nun kafedra müdiri Fərhad Mirzəyev Nazim Bababəyli ilə 40 illik dostluq münasibətlərindən və Milli Aerokosmik Agentliyinin Naxçıvan şöbəsindəki fəaliyyətlərindən, onun Günəş-84, Günəş-85, Naxçıvan-90 beynəlxalq elmi ekspedisiyalarında­kı təşkilatçılıq işlərindən söz açıb. 

“Xalq qəzeti”



Mədəniyyət