Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koreya Respublikasına səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovla birlikdə Seul şəhərində “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının mərkəzi ilə tanış olub.
Assosiasiyanın sədri Cəmil Vəliyev təşkilatın fəaliyyəti, mərkəzin imkanları və gələcək planları haqqında qonaqları məlumatlandırıb. Görüşün qarşılıqlı fikir mübadiləsi və Komitə tərəfindən bir sıra təbliğat materiallarının təqdim edilməsi ilə yekunlaşıb.
Daha sonra Komitə sədri Koreyanın İnçon (İncheon) şəhərində yaşayan koreya-azərbaycanlı ailəsinin qonağı olub. Azərbaycanlı xanım Ümman Li və həyat yoldaşı Seungree Li qonaqları Azərbaycan dilində salamlayıblar. Ailə hekayələrindən danışarkən Seungree Li Azərbaycanı çox sevdiyini, adət-ənənələrimizi və milli mətbəximizi çox bəyəndiyini bildirib.
Komitə adından gənc ailəyə xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Ümmanın valideynləri Azərbaycanın əməkdar artistləri Vüsal Rzayev və Elmira Kərimovadır. Onlar vaxtilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında və Naxçıvan Dövlət Uşaq Teatrında çalışıblar.