“Əzimzadə məktəbi”nin adına layiq kitab

post-img

Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, sənətşünas alim Ziyadxan Əliyevin “İstedadlar ocağı” kitabının təqdimat mərasimi keçirilib.

Müəllif bu kitabı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin ensiklopediyası kimi hazırlayıb.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə həsr olunmuş videoçarx təqdim edilib.

Kitab müəllifin özünün də məzunu olduğu Əzizm Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kolleci) 100 illiyinə həsr olunub. Nəfis şəkildə tərtib olunmuş 560 səhifəlik kitabda təhsil müəssisəsinin (1920-ci ildən 2020-ci ilə qədər) tarixi, bütün tələbələrin (onlar 6 minə qədərdir) adları, ünlü məzunların fotoşəkilləri, mükafat alan rəssamların siyahısı, məzunların yaratdığı əsərlərin fotoxronikası, fotoşəkilləri və s. təqdim olunub.

Tədbirdə çıxış edən Ziyadxan Əliyev kitabın ərsəyə gəlməsində ona köməklik göstərmiş şəxslərə təşəkkürünü bildirib və yeni nəşrin məziyyətlərindən danışıb. Bir əsrlik tarixə malik Əzim Əzimzadə adına məktəbin keçdiyi tarixi yola nəzər salan müəllif məktəbin istedadlı fırça ustaları ilə yanaşı, vətənpərvər məzunlarından da bəhs edib. Bildirib ki, məktəbin məzunlarından 4-ü Birinci Qarabağ müharibəsində şəhid olub.

Diqqətə çatdırılıb ki, yeni kitabın layihə rəhbəri və “Ön söz” müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.

O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin şöhrətinə layiq tərtib olunmuş kitabı milli incəsənətimizin öyrənilməsi və təbliği baxımından yüksək dəyərləndirib.

Təqdimat mərasimində digər çıxış edənlər də kitabın araya-ərsəyə gəlməsini yüksək qiymətləndirib, müəllifə yeni-yeni uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, kitab Azərbaycan təsviri sənət tarixi ilə maraqlananlar üçün əvəzsiz bir mənbədir.

Tədbir musiqili proqramla davam edib.





Mədəniyyət