Müstəqil Empati teatrı: “Özümüzü başqalarının yerinə qoyuruq”

post-img

Teatr cəmiyyətdə yaranan və sürətlə inkişaf edən “xürafat”, “din və fəlsəfə” və bu kimi digər problemlərin teatr müstəvisində həlli yolunu tapmaq üçün yaradılmışdır. Ölkəmizdə teatrların yaranması prosesi sürətlə gedir. Yeni yaradılan mədəniyyət ocaqlarından biri də Müstəqil Empati Teatrıdır. Bu teatr öz adını teatr psixologiyasının əsasını təşkil edən “empatiya” sözündən götürüb. Mənası isə “özünü başqasının yerinə qoymaq” deməkdir. 

Burada digər teatrlardan fərqli olaraq tamaşalarda “mövzu-problem-səhnə” texnikasından istifadə olunur və tamaşa boyu “pasient” qismində əyləşən tamaşaçılara psixoloji təsir göstərilir. Teatrda bütün tamaşalar psixoloq rəyindən sonra nümayiş olunur.  

Empati Teatrı üslub baxımından B.Brextin “Epik teatrı” və Y.Qrotovskinin “Kasıb teatrı”na bənzəsə də ətrafda baş verən hadisələrə psixodramatik yanaşma tərzi ilə bir çox “klassik teatr”lardan seçilir. 

Teatrın yaranmasında “EMPATV” adlı sosial-psixoloji medianın çox böyük rolu və dəstəyi  var. “EMPATV” nin təsisçisi və rəhbəri Sevinc Rəcəbova bu teatrın sayəsində “psixodram” janrının yenidən səhnəyə qayıdacağına və Azərbaycan mədəniyyətinə çox böyük töhfə verəcəyinə inanır.  

Teatr rəsmi olaraq 25.04.2023-cü il tarixində fəaliyyətə başlayıb. 

Qeyd edə ki, Müstəqil Empati Teatrının rəhbəri İsmayıl Mirzəcanov, mətbuat xidmətinin rəhbəri isə Gülşən Heydarovadır.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

 

 

Mədəniyyət