Abu Dabi Milli Sərgi Mərkəzində Abu Dabi Beynəlxalq Kitab Sərgisi (ADIBF) 2023 adlı sərgi təşkil olunacaq. Mayın 22-də keçiriləcək tədbirdə Türkiyə Respublikasından dəvət olunacaq nümayəndə heyəti fəxri qonaq qismində çıxış edəcək.
Türk və ərəb mədəniyyətləri arasında mədəni əlaqələri əks etdirən sərginin Türkiyə üçün ayrılacaq povilyonunda türk ədəbiyyatı, azyaşlı uşaqlar üçün kitablar, həmçinin türk mətbəxi də təqdim ediləcək.
32-ci dəfə keçiriləcək sərgi Türkiyə ilə ərəb dünyası arasındakı tarixi, etnik və mədəni əlaqələri yenidən kəşf etmək, mədəni mübadilə mövzusunda çox yönlü müzakirələr aparmaq, müxtəlif coğrafiyalar və mədəniyyətlər arasında dialoqu gücləndirmək məqsədi daşıyır. Sərgidə nəşriyyat sahəsində görüləcək işlər və bununla bağlı panel iclaslar, müzakirələr aparılması da nəzərdə tutulur.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyi və İstanbul Ticarət Palatası (İTO) daxil olmaqla, ölkənin hər yerindən nəşriyyatlar və sənaye mütəxəssisləri iştirak edəcək.
Ziyarətçilər həmçinin Ahmet Ümit, Beşir Ayvazoğlu, Ömer Erdem və Sunay Akın kimi Türkiyəni təmsil edən tanınmış akademik liderləri, yazıçı və şairləri dinləmək imkanı da əldə edəcəklər.
Türk mətbəxinin zəngin irsini və ədəbiyyatla əlaqəsini vurğulamaq üçün Arda Türkmen, Arif Bilgin, Məryəm İşin, Ömür Akkor və Sayqın Ersin də daxil olmaqla məşhur yazıçılar, ekspert tarixçilər və aşpazların iştirakı ilə bir sıra müzakirələr və interaktiv seminarlar da təşkil olunacaq.
Qeyd edək ki, sərgi mayın 28-nə qədər davam edəcək.
Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”