“Əsas hədəf beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməkdir”

post-img

İstedadlı, yaradıcı gənclərimiz öz uğurları ilə bizi sevindirməkdə davam edirlər. Bu günlərdə M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin qanun sinfinin şagirdi Mehinbanu Bayramlı Türkiyədə onlayn keçirilən Beynəlxalq Virtual Rəqs, Musiqi və İncəsənət yarışmada Azərbaycanı uğurla təmsil edib. 
Boğaziçi Folklor Birliyi Gənclik və İdman Klubunun təşkilatçılığı ilə keçirilən yarışda münsiflər heyətinin yekun qərarı ilə M.Bayramlı 1-ci dərəcəli diploma layiq görülüb.

Gənc qanun ifaçısının müəllimi İradə Kamilova Mehinbanu Bayramlının ötən illər ərzində respublukadaxili, eləcə də, xarici ölkələrdə keçirilən müsabiqələr, yarışlarda uğurlar əldə etdiyini dedi: “Mehinbanunun  istedadlı qızdır. Bundan əvvəl İtaliyada kecirilmis “Liberta Creativa” müsabiqəsində Qran-Pri mukafatına layiq görülüb. Ötən il Turkiyənin Antalya şəhərinin "Akdeniz Sounds" universitetində kecirilmis canlı musabiqədə birinci yeri tutub. Mehinbanu ilə yanaşı, digər şagirdlərim də müxtəlif mötəbər yarışlar, müsabiqələrdə uğurla çıxış edirlər. Türkiyə, Qazaxıstan, Balarus, İngiltərədə yaradıcılıq festivallarında, müsabiqələrdə Xədicə Qənbərli, Ləman Hacıyeva, Əli Kərimli, Dəniz Fərəcli birinci yeri tutublar”.

İradə xanım Mehinbanu Bayramlının və digər yetirmələrinin yeni müsabiqələrə hazırlaşdığını da qeyd etdi: “Məktəbimizin yetirmələri yaradıcı və istedadlı gənclərdir. Onların potensialını artırmaq üçün maksimum səylər göstəririk. Əsas hədəfimiz isə gələcəkdə daha nüfuzlu tədbirlərdə, müsabiqələr və yarışmalarda ölkəmizi layiqincə təmsil etməkdir”. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”















Mədəniyyət