Bol və parlaq rənglərlə zəngin miniatür sərgisi (reportaj)

post-img

Azərbaycanda qrafika sənətinin ilk nümunələrinə ta qədimdən rəssamların qrafik əsər lövhələrində, eləcə də Qobustan qaya rəsmlərində rast gəlinir. Təsviri sənətdə müəyyən üslubların məcmusu kimi dəyərləndirilən miniatür, həm də müasirlik daşıyıcısı sayılır... 

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda nümayiş etdirilən “Ənənə və müasirlik”miniatür sərgisi dediklərimizin sübutudur. Bol və parlaq rənglərlə zəngin olan sənət nümunələri əlvanlığı ilə göz oxşayır. Rəngarəng miniatürlər, illüstrasiyalarda təbiət bütün gözəlliyi ilə canlanır. Nizami Gəncəvi, eləcə də digər klassiklərimizin əsərlərinə, o cümlədən nağıllara çəkilmiş miniatürlər seyrçiləri heyran edir. 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərgi ilə bağlı fikirlərini bölüşür və nümayiş etdirilən sənət nümunələri arasında tanınmış rəssamlarla yanaşı, gənclərin də maraqlı əsərlərinin olduğunun deyir: “Miniatür sərgisi açmaq indi o qədər də asan deyil. Miniatür tarixdə elə bir zirvəyə qalxıb ki, ənənəmizdən istifadə etməklə yeni əsərlər yaratmalıyıq. Gənclərin böyük yaradıcılıq potensialına inanırıq”. 

Daha bir istedadlı gənc rəssam – Gülxanım Əmirli ilə həmsöhbət oluram. Rəssamlıq Akademiyasının qrafika fakültəsində təhsil aldığını deyir. Sərgidə onun qarışıq texnikalı dörd işi nümayiş etdirilir. Nizami Gəncəvinin “Leyli və Məcnun”, "Əflatunun çalğı aləti" əsərlərinə çəkdiyi illüstrasiyalarla tanış oluruq. Onu da öyrənirik ki, gənc rəssam 2020-ci ildə Rumıniyada “Nağıllar aləmi” sərgisində “Tıq-tıq xanım” əsərinə görə qızıl medal qazanıb.  

3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Palitra” rəsm studiyasının rəhbəri Nərmin Abdullayeva da sərgi iştirakçıları arasındadır. O, öz yaradıcılığını inkişaf etdirməklə yanaşı, uşaqlara da həvəslə öyrətdiyini deyir: “Sərgiyə Qarabağ mövzusunda miniatür əsərim də daxil olmaqla, silsilə işlərimi təqdim etmişəm. Sərgiyə tələbələrim də qatılıblar. Miniatür sənətinə ölkəmizdə dəyər verilməsi, sərgilərin təşkili bizi çox sevindirir”.

Aprel ayının 20-dək davam edəcək sərgiyə yaradıcı insanların, miniatürsevənlərin axını davam edir. Əminik ki, bu tədbir gələcək minatür rəssamlarının yetişməsi, formalaşması üçün bir stimul rolunu oynayacaq.

Leyla QURBANOVA,

“Xalq qəzeti”

 

 























Mədəniyyət