“Sözün də su kimi lətafəti var”

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq, Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyi ilə birgə “Sözün də su kimi lətafəti var” mövzusunda poeziya axşamı keçirilib.

Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov ölkəmizin su təsərrüfatı sektorunun inki­şafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, Azər­baycanda su təsərrüfatı sektorunda hə­yata keçirilən irimiqyaslı layihələrin böyük bir hissəsi ulu öndər Heydər Əliyevin res­publikaya rəhbərliyi dövründə həyata ke­çirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə içməli su təsərrüfatı sektoru yeni inki­şaf dövrünə qədəm qoyub. Bakı şəhəri və ətraf qəsəbələrdə, həmçinin regionlarda içməli və tullantı su sistemlərinin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, tədbirin baharın ilk müjdə­çisi olan su çərşənbəsində keçirilməsi təsadüfi deyil: “Ümummilli lider Heydər Əliyev ölkəmizin su sektorunun inkişa­fında böyük işlər görüb. Mədəniyyət və incəsənəti xalqın böyük sərvəti hesab edən ulu öndərin respublikamıza rəhbər­lik etdiyi illərdə digər sahələr kimi Azər­baycan mədəniyyəti də özünün intibah dövrünü yaşayıb”.

Poeziya axşamında çıxış edən Xalq şairi Vahid Əziz, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, BDU-nun pro­fessoru Ramiz Əsgər və digər qonaqlar hər iki sahəyə ulu öndər Heydər Əliyevin göstərdiyi qayğıdan, ədəbiyyat və in­cəsənət əsərlərində su mövzusuna geniş yer verildiyindən danışıblar. Milli Konser­vatoriyanın professoru Fəxrəddin Salimin sazda ifalarını iştirakçılar maraqla qarşı­layıblar. 

Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub.

 

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Mədəniyyət