Yer kürəsinin əhali limiti: kritik hədd açıqlanıb

post-img

Əhali limiti və ona çatacağı il açıqlanıb

Texnologiyaların inkişafı, tibbin irəliləyişi və qalıq yanacaqlara geniş çıxış sayəsində Yer kürəsində əhalinin sayı sürətlə artır. Lakin bu artımın uzunmüddətli perspektivdə qlobal sistem üçün ciddi risklər yaratdığı bildirilir. Flinders Universitetinin alimlərinin apardığı araşdırmaya görə, planet mövcud istehlak modeli ilə insan sivilizasiyasını davamlı şəkildə təmin etmək imkanlarının həddini artıq keçib. “Environmental Research Letters” jurnalında dərc olunan tədqiqatda vurğulanır ki, bəşəriyyət artıq Yer kürəsinin ekoloji daşıma qabiliyyətini aşan rejimdə yaşayır.

Araşdırma zamanı alimlər populyasiya dinamikasını qiymətləndirmək üçün Rikerin ekoloji modelindən istifadə ediblər. Bu riyazi model mühitin məhdudiyyətlərini nəzərə alaraq nəsillər üzrə populyasiya sayının necə dəyişdiyini müəyyənləşdirməyə imkan verir. Hesablamalar nəticəsində iki əsas göstərici müəyyən edilib: Yer kürəsinin “maksimum” və “dayanıqlı” daşıma qabiliyyəti. Maksimum göstərici planetin qısa müddətdə daşıya biləcəyi ən yüksək əhali sayını, dayanıqlı göstərici isə ekosistemlərin tükənmədən uzun müddət təmin edə biləcəyi əhali həddini ifadə edir.

Arayış. Maksimum daşıma qabiliyyəti, mövcud tendensiyalar davam edərsə, bəşəriyyətin çata biləcəyi maksimum həddir. Bu ssenari təbii sərvətlərin daha da tükənməsini və ekoloji böhranın pisləşməsini nəzərdə tutur. Davamlı daşıma qabiliyyəti maksimum artım dövründə (1929–1930) əhalinin sayıdır. Bu rəqəm planetdə ətraf mühitə zərər vermədən, lakin yoxsulluq içində yaşamadan nə qədər insanın yaşaya biləcəyinə daha yaxındır.

Hesablamalara görə, Yer kürəsi əhalisinin pik həddi 2067–2076-cı illər aralığında gözlənilir. Bu dövrdə planetdə yaşayan insanların sayının təxminən 12,4 milyarda çatacağı proqnozlaşdırılır. Bununla belə, daha narahatedici məqam ondan ibarətdir ki, dayanıqlı daşıma qabiliyyəti cəmi 2,5 milyard nəfər səviyyəsində qiymətləndirilir. Hazırda dünya əhalisinin 8,23 milyard olduğu nəzərə alınarsa, bəşəriyyətin Yer kürəsinin dayanıqlı imkanlarını artıq üç dəfədən çox aşdığı qənaətinə gəlinir.

Tədqiqatçılar XX əsrdə əhali artımının dinamikasını da mərhələlər üzrə təhlil ediblər. 1949-cu ilə qədər olan dövr “maksimal əlverişlilik” mərhələsi kimi xarakterizə olunur. Bu dövrdə tibbin inkişafı, qidalanma şəraitinin yaxşılaşması və texnoloji yeniliklər əhali artımını sürətləndirib. 1950-ci illər keçid mərhələsi hesab edilir və burada İkinci Dünya müharibəsinin nəticələrinin demoqrafik proseslərə təsiri hiss olunub. 1962-ci ildən etibarən isə artım tempi zəifləyən “mənfi faza” başlayıb; əhali sayı artmağa davam etsə də, artım sürəti tədricən aşağı düşüb. Təxminən səkkiz il sonra qlobal istehlak Yer kürəsinin bioloji imkanlarını üstələyərək “artıq istehlak” mərhələsinə keçid formalaşdırıb.

Regional müqayisə göstərir ki, artım tempinin zəifləməsi ilk növbədə inkişaf etmiş bölgələrdə başlayıb. Avstraliya və Yeni Zelandiya, Şərqi Asiya, Avropa və Şimali Amerikada bu proses 1950–1960-cı illərdə qeydə alınıb. Saharaaltı Afrikada isə demoqrafik yavaşlama daha gec - təxminən 2010-cu illərdə müşahidə olunmağa başlayıb. Alimlərin fikrincə, inkişaf etmiş ölkələrdə doğum və ölüm göstəricilərinin azalması, təhsil səviyyəsinin yüksəlməsi və ümumi rifahın artması demoqrafik keçidi sürətləndirib. Daha kasıb regionlarda bu proseslər ləng getsə də, artıq oxşar tendensiyalar formalaşmaqdadır.

Tədqiqat müəllifləri vurğulayırlar ki, bəşəriyyət hazırda resurslardan sanki 1,7 Yer kürəsi mövcuddurmuş kimi istifadə edir. Əhalinin sayının 2070-ci illərə doğru 12 milyarda yaxınlaşması isə planetə düşən yükü kritik həddə çatdıra bilər. Bu ssenari qlobal resurs çatışmazlığı, ekoloji balansın pozulması və sosial-iqtisadi gərginliyin artması kimi riskləri gücləndirir. Buna görə də demoqrafik artımın idarə olunması, resursların səmərəli istifadəsi və dayanıqlı inkişaf modellərinin tətbiqi yaxın onilliklərdə bəşəriyyətin əsas strateji çağırışlarından biri kimi qiymətləndirilir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı