Polşalı alimlər müəyyən ediblər ki, dərman bitkilərinin efir yağları real infeksiya mühitinə yaxın şəraitdə təhlükəli bakteriyaların artımını müxtəlif dərəcədə dayandıra bilir. Tədqiqatın nəticələri göstərir ki, mikrobların dərmanlara qarşı müqavimətinin artdığı bir dövrdə bu cür təbii birləşmələr antibiotik terapiyasına perspektivli əlavə ola bilər. Araşdırma "Frontiers in Pharmacology" (FP) jurnalında dərc olunub.
Vroslav Tibb Universitetinin tədqiqatçısı Malvina Brojinanın qeyd etdiyi kimi, efir yağları onlarla bioloji aktiv molekulun mürəkkəb qarışığından ibarətdir. Onlar bakteriyalara eyni anda bir neçə istiqamətdən təsir edir ki, bu da mikroorqanizmlərin müqavimət (rezistentlik) qazanmasını çətinləşdirir. Alimin sözlərinə görə, bu yağları antibiotiklərin təsirini gücləndirən və rezistentlik riskini azaldan "antimikrob kokteyli" kimi nəzərdən keçirmək olar.
Son eksperimentdə alimlər kəklikotu və rozmarin efir yağlarının, tez-tez dəri və yara infeksiyalarına (o cümlədən müalicəyə tabe olmayan formalarına) səbəb olan Staphylococcus aureus bakteriyasına təsirini öyrəniblər. Tədqiqatlar standart qida mühitində deyil, yara şəraitini imitasiya edən xüsusi modeldə aparılıb.
Məlum olub ki, kəklikotu yağı belə şəraitdə klassik laboratoriya testlərinə nisbətən daha effektiv təsir göstərir. Rozmarin yağı isə, əksinə, aktivliyinin bir hissəsini itirib. Müəlliflərin fikrincə, bu, maddələrin antimikrob xüsusiyyətlərini qiymətləndirərkən real infeksiya mühitinin nəzərə alınmasının vacibliyini göstərir.
Bundan əlavə, S. aureus-un fərqli ştammları yağlara müxtəlif reaksiya verib: bəziləri həssas olub, bəziləri isə demək olar ki, reaksiya verməyib. Bu, yeni antimikrob vasitələr hazırlanarkən bakteriyaların növ daxili fərqlərinin nəzərə alınmasının zəruriliyini təsdiqləyir.
Tədqiqatçılar vurğulayıblar ki, efir yağlarına olan maraq ciddi elmi standartlarla müşayiət olunmalıdır. Bunun üçün onlar "efir yağlarından məsuliyyətli istifadə" konseptini - müxtəlif laboratoriyalarda təkrar oluna bilən və müqayisəli nəticələr əldə etməyə imkan verən metodoloji qaydalar toplusunu təklif ediblər. Alimlərin fikrincə, vahid yanaşmaların olmaması bu gün belə vasitələrin klinik praktikaya tətbiqini ləngidir.
S.ELAY
XQ

