"Qara dəlik"lərin sirli "pəhrizi"

post-img

Bəzi qalaktikalarda nəhəng qaz və toz kütlələri cəmləşsə də, onların mərkəzində yerləşən ifrat kütləli "qara dəlik№lər naməlum səbəbdən bu maddələri udmur və ya çox ləng şəkildə "qidalanır".

The Astrophysical Journal nəşrinin yazdığına görə, bəzi "qara dəlik"lər yaxınlıqdakı "yeməyə" hücum çəkməyə tələsmirlər. Alimlər bizdən təxminən 600 milyon işıq ili uzaqlıqda yerləşən bir neçə qalaktikada müşahidə edilən sirli hadisələr barədə məlumat veriblər.

Birləşən qalaktikalar və "qoşa ürək" Astrofiziklər məqsədli şəkildə birləşmə prosesində olan, yəni iki başqa qalaktikadan "yenidən doğulan" sistemləri seçiblər. Onların hər birində xarakterik qoşa nüvə müşahidə olunur: bu, əcdad qalaktikaların mərkəzi "qara dəlik"lərinin hələ tam birləşmədiyini göstərir.

Bu dramatik prosesin xaosunda maddələr aktiv şəkildə qarışır və müəyyən yerlərdə sıx kütlələr halında cəmləşir. Bu, həm çoxsaylı yeni ulduzların yaranmasına ("demoqrafik partlayış"), həm də "qara dəlik"lərin aktivliyinin artmasına səbəb olmalıdır, çünki onlar nəhəng miqdarda "yemək" əldə edirlər.

Bəs parlaqlıq niyə yoxdur? Tədqiqatçıların diqqətini çəkən məqam da məhz budur: məlum olub ki, "qara dəlik" yaxınlığında qaz və tozun bolluğu həmin maddənin dərhal "uçuruma" yuvarlanacağı mənasına gəlmir. Normalda maddənin udulması qalaktika nüvəsinin parlaqlığının kəskin artması ilə müşayiət olunmalıdır. "Qara dəlik" özü işıq saçmasa da, onun cazibəsinə düşən maddə akkresiya diski adlanan möhtəşəm bir parlaq "halə" yaradır. Lakin bəzi qalaktikalarda bu gözlənilən işıq saçma müşahidə edilmir.

Qeyri-adi görünüşü ilə tanınan "Dəniz ulduzu" (NGC 6240) qalaktikasının iki nüvəsindən birində kütləsi 870 milyon Günəşə bərabər olan "qara dəlik" gizlənir. Müqayisə üçün qeyd edək ki, Süd Yolunun mərkəzindəki "qara dəlik" cəmi 4,2 milyon Günəş kütləsinə malikdir. Bu "super-bədheybətin" ətrafında yüz milyonlarla, bəlkə də bir milyard Günəş çəkisinə malik maddə toplanıb. Buna baxmayaraq, həmin maddənin intensiv udulduğu hiss olunmur – nüvə qəribə dərəcədə sönükdür.

Digər tərəfdən,  Mrk 739 qalaktikasında əks paradoks müşahidə olunur: onun "sağ gözü" (şərq nüvəsi) çox parlaq yanır, lakin oradakı "qara dəliy"in ətrafında yanacaq (qaz və toz), demək olar ki, yoxdur.

Səbəb nədir? Astrofiziklər şübhələnirlər ki, "qara dəliy"in aktivləşməsi üçün ətrafda çoxlu maddənin olması kifayət deyil. Qaz və tozun mərkəzə doğru "düşməsi" üçün onlar qalaktika mərkəzi ətrafında fırlanarkən turbulentlik və ya digər əlavə faktorlar hesabına sürətlərini itirirlər.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı