Niyazabad hara olub?

post-img

Yoxa çıxmış şəhərin tarixdə qalmış izləri

Qədim və orta əsr mənbələrində, əfsanə və nağıllarda adı çəkilən, lakin bu günədək yeri və dəqiq koordinatları bəlli olmayan neçə-neçə qalalarımız, yaşayış məntəqələrimiz, o cümlədən Azərbaycanın iqtisadi və mədəni həyatında xüsusi yeri olan şəhərlərimiz olub. Yaxın keçmişimizədək elə qədim Qəbələ, Beyləqan və Mehravan kimi iri şəhərlərimizin də yeri və dəqiq koordinatları elm aləminə bəlli deyildi.

İndiyədək dəqiq yerini bilmədiyimiz neçə-neçə qədim və orta əsr şəhərlərimiz var. Bir çox yazılı qaynaqlarda adları çəkilən Yunan, Paytakaran, Şirvan, Sədun, Quştəsfi, Mahmudabad bu qəbildən olan Azərbaycan şəhərləridir. 
Dəqiq yeri bilinməyən belə tarixi ünvanlardan biri də XVI–XIX əsrlərdə ölkənin iqtisadi və mədəni həyatında, xüsusən də Xəzər dənizi vasitəsilə həyata keçirilən beynəlxalq ticarət əlaqələrində xüsusi yeri olan Niyazabaddır. Xəzər dənizi sahilində olduğundan Niyazabad daha çox məhz liman şəhəri kimi tarixə düşüb. 
Niyazabad barədə, hələlik, ancaq Avropa səyyahlarının yol qeydlərindən, Rusiyada olan diplomat və hərb xadimlərinin gündəliklərindən, onların rus çarı, Səfəvi hökmdarı və Şamaxı xanlığı rəsmiləri ilə yazışmalarından müəyyən məlumat almaq mümkündür. 
Vaxtilə Almaniya və Danimarka ərazilərinin bir hissəsini əhatə edən Holşteyn-Ottorp dövlətinin hökmdarı III Fridrix (1616–1659) Avropada ipək ticarətinə nəzarəti ələ keçirmək məqsədilə Misir və Səfəvi dövlətlərinə elçilər göndərir. Əslən Yuxarı Saksoniyadan olan Adam Oleari isə səfirliyin katibi vəzifəsini icra edirdi. Adam Olearinin yazdığına görə, 1635-ci ilin noyabrında səfirlik əməkdaşlarını gətirən gəmi Dərbənd yaxınlığında fırtınaya düşür. Fırtınadan qurtulduqdan sonra onları Niyazabada gətirirlər. Onları qarşılamaq məqsədilə Şamaxıdan göndərilən tərcüməçi və mehmandarlar gələnədək avropalı elçilər 5 həftə ərzində Niyazabadda qalmalı olublar. 
Olearinin yazdığına görə, o vaxt Niyazabad 16–17 evdən ibarət bir yaşayış məntəqəsi olub. Müskür mahalına aid olan bu evlərin damları düzdür və orada ot bitir. Sakinlər bu evlərin üstündə yemək yeyir və hətta orada yatırlar da. Müskür kəndlərində əhali daha çox camışçılıq təsərrüfatına üstünlük verir, pendiri inək südündən deyil, qoyun südündən tutur və daha çox əkinçiliklə məşğul olurdular. 
Beş həftə sonra səfirlik əməkdaşları Şamaxı Xanı mehmandarlarının bələdçiliyi ilə Olearinin “cənnətməkan” adlandırıdığı Niyazabadı tərk edərək Altıağac istiqamətində yola çıxırlar... 
XVII əsrdə Azərbaycanda səyahətdə olmuş türk səyyahı Övliyə Çələbi yazır ki, Niyazabad Dağıstanla Şirvan arasındadır. Qədim zamanların yadigarı olan bu şəhərin binaları hələ də bir vaxtların ehtişamından xəbər verir. Moğollar, sonra da dağıstanlı qumuq, qaytaq və s. tayfalar buraya dəfələrlə hücum etmişdilər. Övliyə Çələbinin yazdığına görə, “Sultan III Muradın böyük komandanı Qara Fərhad paşa bu şəhərdə qışlamış və Niyazabad qalasını təmir  etdirmişdi... Şəhərdə qırx məhəllə, qırx minarə, cümə camesi, karvansara, hamam və bazar var”. 
Övliyə Çələbinin qeydlərində Niyazabadın hətta ayrıca sultanlıq olduğu, min nəfərə qədər əsgəri və iki hakimi olduğu bildirilir. Şəhərin kələntərinin türk səyyaha bildirildiyinə görə, orada 6000 bağ-bağçalı evi olub. 
XVIII əsrin əvvəllərində Qafqazı tədqiq edən rus alimlərindən alman əsilli İ.Q.Qerber həm də Rusiyanın tanınmış hərb xadimlərindən olub. İxtisasca artilerist olsa da, o coğrafiya və etnoqrafiya elmlərinə də böyük maraq göstərib. 
O yazırdı ki, Niyazabad limanında daha çox məhz Rusiyaya məxsus gəmilər yer alırdı. Avropa və Şərqdən olan tacirlər orada qızğın alver edirdilər. Həmin ticarət əməliyyatlarından Şamaxı xanına böyük məbləğdə rüsum daxil olurdu. 
Niyazabad limanında əcnəbi tacirlərin xidmətində olan xeyli sayda karvansaralar var idi. Avropalı səyyahların qeydlərindən o da məlum olur ki, Şirvanda, o cümlədən Müskür mahalında üsyan və ixtişaşlar baş verərkən dəfələrlə həmin karvansaralar dağıdılıb. Lakin 1726-cı ildə Niyazabad limanını Rusiya tabeliyinə keçəndən sonra orada yenidən fəal gəmiçilik üçün müvafiq tədbirlər görülüb.
XVII əsrin əvvəllərində Azərbaycanda olan rus taciri Fedot Kotov öz qeydlərində Şamaxıya Bakıdan deyil, Niyazabaddan getmək üçün araba yolu olmadığını bildirir. O yazır ki, yüksək dağlıq ərazilərdən keçən bu yolla yükləri at, dəvə, öküz və ulaqların belində daşıyırdılar. Bu yolun üzərində rusların, “qonaq evi” adlandırdığı üç karvansara mövcud idi. Kotov onu da yazır ki, Niyazabaddan Şamaxıya Bərmək mahalından keçən Altıağac yolu ilə də getmək mümkündür. “Altıağac” isə burada həm də uzunluq ölçüsü mənasını ifadə edir. Bir ağacın 7 kilometr olduğunu və oradan Şamaxıya 6 ağac olduğunu nəzərə alsaq, onda deməli Altıağacdan Şamaxıya olan məsafə 42 kilometrdir. Rus şərqşünas alimi İ.N.Berezin də Niyazabaddan Şamaxıya gedən yolun üzərində 2 karvansara olduğunu yazır. Onlardan biri Gilgilçayın sağ sahilində, digəri isə Altıağac ətrafında olub. Niyazabaddan Şamaxıya gedən yolun üstündə karvansaralardan əlavə, bir neçə yerdə körpü və qalaların da olduğu barədə məlumatlar var.
Niyazabadla bağlı nisbətən daha ətraflı məlumatlara isə rus çarı I Pyotr 30 may 1715-ci ildə Səfəvi dövlətinə səfir göndərmiş olduğu A.P.Volınskinin yazışmalarında rast gəlirik. Səfirə verilən məxfi Əsasnamənin 7-ci bəndinə əsasən, o, Azərbaycanda istehsal olunan xam ipəyin Gilan və Şirvandan keçirilərək Rusiyanın Peterburq limanına çatdırılması ilə bağlı məsələləri tənzimləməli idi. O, Səfəvi şahını inandırmalı idi ki, bu baxımdan xivəlilər kimi onlar üçün də iri gəmilərin yan ola biləcəyi Niyazabad limanının imkanlarından istifadə olunması daha sərfəli ola bilər. A.P.Volınskinin 72 nəfərdən ibarət komandası 29 avqust 1716-cı il tarixdə Niyazabad limanına yan alır. Volınski Şirvan bəylərbəyinin yanına elçi göndərərək gəldiyini bildirir və xahiş edir ki, onların əşyalarını Niyazabaddan Şamaxıya aparmaq üçün at və dəvələr göndərsin. Ertəsi gün Şirvan canişinin tapşırığı ilə iki zabit-yüzbaşının rəhbərlik etdiyi 30 nəfərlik heyət onları qarşılayaraq əşyaları Niyazabad limanındakı xüsusi çadırlarda və binalarda yerləşdirib. 
Volınskinin heyəti sentyabrın 18-dək Niyazabad və ona bitişik yaşayış məntəqəsində qalaraq dincəlib. Bu müddət ərzində onlar Həştərxan və Şamaxı ilə intensiv təmaslar quraraq gələcək fəaliyyət planlarının detallarını hazırlamaqda idilər.
Bu barədə Volınskinin gündəliyində təfsilatı ilə bəhs olunur. 
Xatırladaq ki, Avropa və rus müəlliflərinin Niyazabadla bağlı qeyd və yazışmaları ilk dəfə görkəmli Azərbaycan tarixçiləri – professor Fuad Əliyev və Tofiq Mustafazadə tərəfindən öyrənilərək milli tarixşünaslığımıza daxil edilib.  Görkəmli tarixçi alim, professor Vaqif Piriyevin “Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası” əsərində deyilir: “Niyazabad Xaçmaz şəhərindən 14 kilometr şərqdə, Xəzər dənizinin qərb sahillərindəki ən mühüm limanlardan biri olaraq ölkəmizin dəniz ticarətində çox mühüm rolu olub”. Tarixçi-alim S.U.Dadaşova isə Niyazabad–Altıağac–Şamaxı karvan yolunun öyrənilməsinə dair xüsusi məqalə işləyib. Lakin bütün bunlarla yanaşı, onu da etiraf etməliyik ki, Azərbaycanın Orta əsrlər dövrünün çox mühüm liman şəhərləri olan Niyazabadın tarixi hələ ki, yetərincə araşdırılmayıb. 
Niyazabadın tarixi ilə bağlı elmimiz üçün qaranlıq olan məsələlərdən birincisi bu şəhərin yerinin və dəqiq coğrafi koordinatlarının müəyyənləşdirilməsidir. Hesab edirik ki, yazılı qaynaqlardan bəlli olan bəzi oriyentirlər və ərazidə mövcud olan tarixi-coğrafi toponimlər bu vəzifənin icrası yolunda tədqiqatçılara ipucu ola bilər. Əlimizdə olan həmin ilkin məlumatlarda Niyazabadın Müskür mahalında, Altıağac istiqamətində – Xəzər dənizi sahilində olduğu bildirilir. Xaçmaz rayonunun inzibati ərazisinə daxil olan Nizoba kəndi də məhz oradadır. Deməli, Niyazabad şəhərinin qalıqlarını da elə indiki Nizoba kəndi və ona yaxın coğrafiyada axtarmaq lazımdır. Bunun üçünsə həmin ərazilərdə mütləqdir ki, ilkin addım olaraq kəşfiyyat xarakterli arxeoloji axtarışlara başlanılsın. 
Etiraf edək ki, indiyədək bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən heç bir əməli addım atılmayıb. Doğrudur, bir müddət öncə mən öz şəxsi təşəbbüsümlə Niyazabadın olduğu güman edilən əraziləri gəzərək orada müşahidələr apardım, xeyli miqdar yerüstü maddi mədəniyyət nümunələri və etnoqrafik məlumat topladım və bütün bunların əsasında ərazidə arxeoloji kəşfiyyat işləri aparmaqla bağlı məsələ qaldırdım. Təəssüf ki, reaksiya müsbət olmadı. Onu da xatırladım ki, uzun illərdir ki, Niyazoba kəndi və ətraf ərazidə sakinlər tərəfindən tikinti və təsərrüfat işləri görülərkən müxtəlif çeşidli çoxsaylı maddi mədəniyyət qalıqları üzə çıxıb. Təəssüflər olsun ki, həmin tapıntılardan yalnız bəzi nümunələr Xaçmaz rayon tarix- diyarşünaslıq muzeyinə təhvil verilib. Əksər tapıntılar isə diqqətsizlik və nəzarətsizlik ucbatından ya dağıdılaraq məhv edilib, yaxud da əldən-ələ keçərək itbat olub.
Yeri gəlmişkən, bu gün Xazmaz Rayon Tarix- 
diyarşünaslıq Muzeyinin fonunda olan numizmatik tapıntıların əhəmiyyətli bir hissəsi rayonun Əbilyatağı kənd sakini, həvəskar kolleksiyaçı Cəmil Ələnurov tərəfindən oraya təhvil verilib. Xatırladaq ki, Əbilyatağı kəndi də Niyazabad liman şəhərin olduğu ehtimal edilən ərazidə yerləşir. İndiki halda Cəmilin şəxsi kolleksiyasında 100-dən çox müxtəlif əyarlı sikkələr, çəki daşları, bizlər, çeşidli formada olan düymələr, digər sənət və məişət əşyaları var. Niyazabad sikkələrinin də ən böyük qismi Rusiya pullarıdır. 
Kolleksioner C.Ələnurovla söhbət zamanı o bildirdi ki, ərazidə sikkə nümunələrinə, adətən, küləkli vaxtlarda, yaxud da qum tədarükü məqsədilə qazıntı aparılarkən daha tez-tez rast gəlinir. Ərazidə sakinlər tərəfindən arx, kanal və ya bünövrə yerləri qazılarkən isə mədən daşı və ya bişmiş kərpiclə inşa edilmiş tikinti qalıqlarına rast gəlinir. Niyazabadın içərisindən keçərək Xəzərə axan Qudyalçayın əmələ gətirdiyi yarğanlarda da zaman-zaman bu cür qalıqların üzə çıxdığı bildirilir. Bu isə o deməkdir ki, təqribən, iki əsrdən çox mövcud olmuş Niyazabad liman şəhəri təbii təsirlər nəticəsində, azı, 1–1,5 metr qalınlığında olan qum örtüyü altında qalıb. Hansı ki, ərazidə arxeoloji axtarışlar aparmaqla Azərbaycanın XVI–XVIII əsrlər tarixində mühüm yeri olmuş liman şəhərimizin üzə çıxarılması və onun dəqiq kordinatlarının müəyyənləşdirilməsi mümkündür.
Fikrimizcə, Niyazabadın tarixi ilə bağlı araşdırılması vacib olan məsələlərdən biri də bu toponimin etimologiyası ilə bağlıdır. Yazılı qaynaqlarda bu liman-şəhərin adı “Nizova”, “Nizoba”, “Nizovoya”, “Nişabat” və “Niyazabad” kimi çəkilir. Bunların hansı ilk, hansı sonradan yaranıb? Məlumat üçün bildirək ki, indiki halda Xaçmaz rayonundakı 147 yaşayış məntəqəsindən 46-nın adı “oba” sonluğu ilə bitir. 
Hesab edirik ki, ilkin dönəmdə Niyazabad da həmin obalardan biri olub. Etnoqrafik müşahidə və təhlillər göstərir ki, Xəzər sahili obaların sakinləri əsasən Müskür və Bərmək mahallarının dağlıq ərazilərindən köçüb gələn insanlar olub. Onları bu ərazilərə cəlb edən isə geniş əkin və otlaq sahələrinin olması, əlverişli suvarma imkanları və nəhayət, dənizin balıq ehtiyatları olub. Kim harada ilkin olaraq oba qurub, məskən salıbsa həmin yer sonradan elə onun obası kimi tanınıb. Fikrimizcə, Niyazobanın da ilk sakini məhz Niyaz adlı şəxs olub. Zaman keçdikcə Niyazoba adının ilkin forması müəyyən dəyişikliklərə məruz qalıb. Ruslar buraya “Nizova”, yəni Dərbəndlə müqayisədə aşağı məntəqə adı veriblər. 
Dəqiq məlum olan isə odur ki, Adam Olearinin Tardu Universitetinin kitabxanasında saxlanılan 1635-ci ilə aid qeydlərində beş yerdə Niyazabadın adı “Niaşabatb” formasında işlədilib. Bildiyiniz kimi, fransız dilində “iy” hərf birləşməsi “y” səsi yaradır, sözün sonluğunda da “tb” hərf birləşməsi isə oxunmur. Beləliklə, Olearinin mətnində liman - şəhərin adı “Niyafaba” kimi səslənir. Buradan da belə nəticəyə gələ bilərik ki, bu toponimin rus mənbələrində “Nizova” kimi işlədildiyi vaxtdan, təqribən, bir əsr öncə onun adında (“aba”, “oba”) sonluğu var imiş. Görünür, ondan daha öncə bu liman ətrafdakı digər yaşayış məntəqələri kimi, orada ilkin olaraq məskən salmış Niyaz adlı şəxsin adı ilə “Niyazoba” adlanırmış. Beləliklə, Xəzərin sahilində – Xaçmaz rayonunun Niyazabad kəndi və onun ətrafında lokalizə etdiyimiz orta əsr liman şəhərimizin adı zaman-zaman dəyişərək “Niyazoba”, “Nizova”, “Nizoba” və nəhayət, “Niyazabad” formasınada zəmanəmizə gəlib çıxmışdır. 
Sonda belə bir qənaətə gələ bilərik ki, Azərbaycan XVI–XVIII əsrlər tarixinin yadigarı olan, ölkəmizin dünyanın ayrı-ayrı ölkələri və şəhərləri ilə dəniz ticarəti əlaqələrinin reallaşdırılmasında xüsusi yeri olan liman şəhərimiz Niyazabadın hələ də torpaq və dəniz suları altında uyumaqda olan tarixinin araşdırılması, öyrənilməsi, yazılaraq elmi ictimaiyyətə təqdim olunması istiqamətində, gec də olsa, əməli addımlar atılması gərəkdir.

Qafar CƏBİYEV, 
AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri,  
tarix elmləri doktoru, professor



Maraqlı