Azərbaycandan bir qrup QHT rəhbəri Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumleanə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Viscoya və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Aulda açıq məktubla müraciət edib.
Müraciətdə Azərbaycanın insan hüquq və azadlıqları, mədəni irs üzrə ixtisaslaşmış bir qrup vətəndaş cəmiyyəti təmsilçilərinin Böyük Britaniya parlamentinin bir sıra üzvlərinin və Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq hörmətsizliyindən, yoxlanılmamış və təsdiqlənməmiş, saxta məlumatlar əsasında ölkəmizə qarşı siyasi kampaniyaya başlamalarından – “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi” barədə sorğu elan edilməsindən dərin narahatlıq və ciddi narazılıq ifadə edilir.
QHT təmsilçiləri məktubun əvvəlində qeyd edirlər ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və bu, Böyük Britaniya da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır: “Bu səbəbdən sorğuda “Dağlıq Qarabağ” termini hüquqi və tarixi baxımdan yanlışdır və ondan istifadə edilməsi qəbuledilməzdir. Bu, Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş çirkin siyasi kampaniyadır. Bu cür yanaşma sorğunun obyektivlik və hüquqi etibarlılıq meyarlarına cavab verməyəcəyini indidən nümayiş etdirir”.
Daha sonra bildirilir ki, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb, hər iki dövlət sülh prosesində böyük tərəqqi əldə edib. Sülh sazişinin mətni artıq hazırdır və ötən il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşü zamanı paraflanıb: “Aydındır ki, imzalanacaq sülh sazişi iki dövlət arasında gündəlikdə olan məsələləri əhatə edir. İndiki şəraitdə belə bir sorğunun regiondankənar aktorlar tərəfindən aparılması onun əsas niyyət və məqsədi haqqında böyük suallar doğurur. Bu təşəbbüsün məqsədi iki ölkə arasında normallaşma prosesini pozmaq və inamı sarsıtmaq, revanşizmi alovlandıraraq separatçı meyilləri canlandırmağa hesablanıb”.
Otuzillik işğal dövründə Ermənistan hakimiyyətinin Qarabağda və Şərqi Zəngəzurda, Ermənistanda Azərbaycan xalqına məxsus yüzlərlə mədəni, dini və tarixi irs nümunələrini sistemli şəkildə dağıtdığını, təhqir və mənşəyini təhrif etdiyini xatırladan QHT rəhbərləri soruşurlar: “Azərbaycan xalqına qarşı etnik təmizləmə, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədilib. Bəs nə üçün IBAHRI sözügedən beynəlxalq hüquq pozuntularına diqqət yetirmir? Bu cür yanaşma hüquqi obyektivlik və qərəzsizlik prinsipləri ilə uyğun gəlirmi?”.
Məktub bu sözlərlə bitir: “Biz bu sorğunun təşəbbüskarlarının fəaliyyətinin Böyük Britaniya Parlamentinin müvafiq etik mexanizmləri çərçivəsində - Britaniya hökumətinin regionla bağlı rəsmi xarici siyasət kursunu sabotaj edən addım kimi araşdırılmasını tələb edir və bu qərəzli yanaşmanı hüququn siyasi məqsədlər naminə alətə çevrilməsi presedenti kimi kəskin pisləyirik. Sorğu prosesinin dərhal dayandırılmasını tələb edirik!”.
XQ


