Qərbi Azərbaycan İcmasının yeni hədəfləri

post-img

Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda icmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib.

İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli 2025-ci il dekabrın 20-də keçirilmiş Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib. O bildirib ki, qəbul edilən qərarlar icmanın fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsinə və qarşıdakı mərhələdə işlərin daha sistemli qurulmasına xidmət edir.

İclasda İdarə Heyətinin və şuraların tərkibində aparılan dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki, bir şəxsin, eyni zamanda, iki idarəedici qurumda təmsil olunmaması prinsipi əsas götürülərək müəyyən yenilənmələr aparılıb və nəticədə İdarə Heyətinin tərkibində ümumilikdə 8 dəyişiklik edilib. İdarə Heyətinin yeni üzvləri iclas iştirakçılarına təqdim olunub.

Daha sonra Qərbi Azərbaycan İcması Şuralarının tərkibi təsdiqlənib. Bildirilib ki, Ziyalılar Şurasında 144, Ağsaqqallar Şurasında 97, Qadınlar Şurasında 126, Gənclər Şurasında isə 141 nəfər üzv təmsil olunur. Şuraların formalaşdırılmasında regional balans və təmsilçilik əsas meyar kimi götürülüb.

Gündəliyin növbəti məsələsi kimi Qərbi Azərbaycan İcmasının 2026-cı il üçün Tədbirlər Planı müzakirəyə çıxarılıb. Plan çərçivəsində rayon icmaları ilə işin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, elmi-tədqiqat və nəşr fəaliyyətinin artırılması, arxiv materiallarının toplanması və beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətlərinin təbliği əsas prioritetlər kimi müəyyənləşdirilib.

Sonda gündəlikdə duran bütün məsələlər üzrə qərarlar qəbul olunub.

XQ

Son xəbərlər