Yanvarın 22-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Baş prokuror bildirib ki, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünün keçirildiyi 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi beynəlxalq hüququn effektivliyinə və qlobal idarəetmə mexanizmlərinə etibarın sarsıldığı bir vaxtda Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq dövlət quruculuğu fəlsəfəsinin ən ali və ülvi niyyəti kimi qəbul edilmiş, humanizm dəyərləri ilə zəngin olan Konstitusiyamızın və onun əsasında formalaşan milli qanunvericiliyimizin beynəlxalq hüququn ən mütərəqqi prinsipləri və fundamental insan hüquqları ilə mükəmməl bir vəhdət halında tətbiqinin formasıdır.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi və diqqəti, habelə Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov öz məruzəsində hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanılmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, həmin dövrdə Baş İdarə tərəfindən vətəndaşların 11 min 671 müraciətinə baxılıb.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin olunub, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması sahəsində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 133 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb ediliblər. Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 910 vətəndaşın qəbul edilməsi təmin olunub.
Hesabat dövrü ərzində Baş İdarədə 315 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 267 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 48 material, o cümlədən 14-ü üzrə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.
Əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılıb, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Ümumilikdə, ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilib.
XQ

