Dekabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasının 9 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı Fərman ilə AMADA-nın təsis edilməsi ölkəmizin ədalət və dürüstlük prinsiplərinə, eləcə də təmiz idman dəyərlərinə sadiqliyinin bariz nümunəsi olmaqla, dopinqlə mübarizə sahəsində dövlətin qətiyyətli və ardıcıl iradəsini nümayiş etdirir.
Fəaliyyət göstərdiyi 9 il ərzində AMADA beynəlxalq standartlara, qabaqcıl təcrübələrə və müasir innovativ yanaşmalara əsaslanaraq ölkədə dopinq nəzarəti və antidopinq idarəetmə proseslərini ardıcıl və effektiv şəkildə həyata keçirir. Agentlik idmançıların sağlamlığının qorunmasını, onların hüquqlarının təmin edilməsini və Azərbaycanın təmiz idman imicinin möhkəmləndirilməsini əsas prioritetlər kimi müəyyən edərək, davamlı və məqsədyönlü antidopinq siyasəti formalaşdırıb. Bu dövrdə AMADA qlobal antidopinq sisteminə verdiyi töhfələr sayəsində beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanınıb.
Beynəlxalq əməkdaşlığın məntiqi davamı olaraq, gələn il Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumu keçiriləcək. Həmin tədbir Azərbaycanın antidopinq sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəmin, eləcə də ölkəmizin qlobal antidopinq platformasında artan rolunun növbəti göstəricisidir.
AMADA 2026–2030-cu illəri əhatə edən yeni Strateji Plan çərçivəsində ölkəmizdə antidopinq siyasətinin daha da təkmilləşdirilməsini, institusional potensialın gücləndirilməsini, risklərin idarə olunması və innovativ yanaşmaların tətbiqini qarşıya məqsəd qoyur. Strateji Planın əsas hədəfləri sırasında WADA-nın tələb və standartlarına tam uyğunluğun təmin edilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və təmiz idman dəyərlərinə sadiqliyin yüksək səviyyədə qorunması xüsusi yer tutur.
Güclü strateji baxış, beynəlxalq etimad və davamlı maarifləndirmə ilə AMADA növbəti illərdə də Azərbaycanın adını qlobal idman ictimaiyyətində dürüstlük, şəffaflıq və ədalət dəyərləri ilə yanaşı çəkilən ölkələr sırasında möhkəmləndirməyə davam edəcək. Təmiz idman isə bu yolun yalnız məqsədi deyil, həm də dəyişməz prinsipidir.

