Azərbaycanın paytaxtı 2026-cı ildə “Dünya İdman Paytaxtı” elan olunub. Bu münasibətlə dekabrın 16-da dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası (ACES) nümayəndələrinin iştirakı ilə “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.
“Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakonun paytaxtı Monako-Vill şəhərindən Bakıya təhvil verilib. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının nümayəndə heyətini isə qurumun prezidenti Can Françesko Lupatelli, baş katib Huqo Alonso, Monako Knyazlığının sabiq təhsil, gənclər və idman naziri İzabelle Klaudio Aline Bonnal təmsil ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov zəngin idman ənənələri olan Azərbaycanın baş şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsinin fərəhli və məsul hadisə olduğunu bildirib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün bölgələrində idman növlərinin davamlı inkişaf etdiyini deyib. Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın bir çox beynəlxalq yarışlara və məclislərə uğurla ev sahibliyi etdiyini xatırladıb, Bakını növbəti il daha maraqlı oyunların gözlədiyini söyləyib.
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının prezidenti Can Fransisko Lupatelli isə Bakının beynəlxalq idmanın inkişafına daim yardımçı olduğunu vurğulayaraq qeyd edib ki, bu şəhər müasir, əlverişli idman obyektləri ilə seçilir.
“İdman Paytaxtı” qurumu Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən şəhərlərə “İdman Paytaxtı” titulu və digər idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu seçimlər demokratik prinsiplər əsasında edilməklə, cəmiyyətin sosial inteqrasiyası, psixofiziki rifahı və həyat tonusunun gücləndirilməsinə xidmət edir. Federasiya Avropa Komissiyasının İdman Həftəsinin və UNESCO-nun tərəfdaşıdır.
Ə.ƏLİYEV,
R. İBRAHİMOV (foto)
XQ



