Azərbaycan–İran parlamentlərarası əlaqələrinin perspektivləri

post-img

Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Söhbət zamanı diqqətə çatdırılıb ki, cari ildə İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərləri, eləcə də digər yüksəksəviyyəli qarşılıqlı səfər və görüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir və ölkələrarası əməkdaşlıq gündəliyinin xeyli zəngin olmasını göstərir. Qeyd olunub ki, ölkələrimiz arasında siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir.

Milli Məclisin sədri həm ikitərəfli əsasda, həm də Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi mötəbər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsi üzrə birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Bu mənada, parlamentlərdə fəaliyyət göstərən işçi qrupların rolunun gücləndirilməsinin vacibliyi də qeyd olunub.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında sıx siyasi dialoqun olduğunu bildirib.

XQ

Son xəbərlər