Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 12-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək, cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsində bir sıra ziddiyyətli məqamların olduğu üçün məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə dair vəsatət təqdim edib. R.Vardanyan vəsatəti müdafiə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, müdafiə tərəfinin ziddiyyətli hesab etdiyi hallar müvafiq ekspertizanın predmeti deyil. Ona görə də vəsatət təmin olunmamalıdır.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər. Müşavirədən sonra vəsatət təmin olunmayıb. Bundan sonra müdafiəçi A.Berman işə baxan hakimlər kollegiyasına etiraz edib. Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyni məzmunlu etirazlar təqdim edib, hazırkı etirazda da yeni hal yoxdur. Bu səbəbdən etiraz müzakirəyə çıxarılmayıb.
Daha sonra məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib. Şəhid Həmid Həmidlinin otağı Əlisahib İsgəndərov övladının Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib. Şəhid Şəmistan Yusiflinin atası Şükran Əmənov isə övladının Ağdərə istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini söyləyib. Şəhid Mehdi Abbasovun atası Əmrah Abbasov da övladının düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.
Zərərçəkmiş Anar Əsgərov Ağdamda “sürpriz mina”nın partlaması nəticəsində yaralandığını qeyd edib. Ruhid Hacəzadə Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər aldığını diqqətə çatdırıb. Ceyhun Qurbanov deyib ki, Ağdam rayonunun Şıxlar kəndində düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində yaralanıb.
Əli Mikanayev Hadrutda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını vurğulayıb. Elman Süleymanov Şuşa rayonunun Xəlfəli kəndində qarşı tərəfdən açılmış atəşlər nəticəsində xəsarətlər aldığını qeyd edib. Rəhman Quliyev Xocavənd istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində kəllə-beyin travması aldığını söyləyib.
Elmin Alıyev Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş, Abduləli Qurbanov Ağdərədə düşmən tərəfindən atılmış mərminin partlaması, Kamran Cəbrayılov düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması, Mehman Quliyev Şuşa şəhərində düşmənin açdığı snayper atəşi nəticəsində yaralandıqlarını deyiblər.
Zərərçəkmiş digər şəxslər Səbuhi Novruzlu, Zamin Cahangirzadə, Ceyhun Abbasov, Nicat Göyüşov və Eşqin Babazadə Ağdərədə, Hüseynalı Mehdiyev Xocalıda, Nurlan Məmmədov Ağdamda, Niyaməddin Allahverdiyev Füzulidə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını bildiriblər. Nemət Məmmədov ifadəsində Ağdam rayonunun Sarıcalı kəndində düşmənin basdırdığı minanın partlaması nəticəsində yaralandığını vurğulayıb.
Məhkəmənin növbəti iclası avqustun 19-na təyin olunub.
XQ