Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmiləri Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Buzlaqların qorunması” üzrə birinci yüksəksəviyyəli beynəlxalq konfransda ölkəmizi təmsil edirlər.
41 ölkənin və 57 beynəlxalq təşkilatın təmsil olunduğu konfrans Tacikistan Prezidenti Emoməli Rəhmonun təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının 2025-ci ili “Beynəlxalq Buzlaqların Qorunması İli” elan etməsi çərçivəsində keçirilir və qlobal iqlim dəyişikliyi ilə mübarizə şəraitində buzlaqların mühüm roluna diqqət çəkir.
Dünən konfransın plenar iclasında çıxış edən Samir Şərifov buzlaqların mühafizəsinin yalnız regional deyil, eyni zamanda, qlobal əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın da buzlaq ehtiyatlarına malik ölkə kimi bu məsələyə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.
Konfrans çərçivəsində S.Şərifovu Tacikistanın Baş naziri Koxir Rasulzoda qəbul edib. O, Tacikistanın Baş nazirinin müavini, Azərbaycan-Tacikistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Usmonali Usmonzoda, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan ilə görüşlər keçirib, iqlim dəyişikliyi ilə mübarizə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.
XQ