Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümü münasibətilə Fransadakı diplomatlarımız Paris Sülh Konfransına qatılmış, ancaq sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının xatirəsini yad edərək, onların Parisdə və Paris ətrafındakı qəbiristanlıqlardakı məzarlarını ziyarət ediblər.
Cümhuriyyət qurucularının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, ölkəmizin UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayev və səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev çıxışlarında bildiriblər ki, XX əsrin əvvəllərində dünyada və bölgədə mövcud olmuş mürəkkəb və ağır tarixi siyasi şəraitə baxmayaraq, demokratik ideyalara və prinsiplərə əsaslanan müstəqil dövlətin yaradılmasına nail olunması bir daha xalqımızın böyüklüyündən, azadlıqsevərliyindən, müstəqil yaşamağa və dövlətçilik ənənələrini bərpa etməyə qadir olmasından xəbər verirdi.
Qeyd olunub ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xalq Cümhuriyyəti qurucularının əsas məqsədi bu gənc dövləti dünyaya tanıtmaq olub. Elə bu məqsədlə də ilk Azərbaycan Respublikasını təmsil etmiş nümayəndə heyətinin üzvləri Birinci Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədilə çağırılan Paris Sülh Konfransına qatılıblar.
XQ