“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi

post-img

Mayın 17-də Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident İlham Əliyevin 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciət oxunub. (Müraciət qəzetin bugünkü nömrəsində dərc olunub).

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək bildirib ki, Elmi-Tədqiqat və Kardiologiya İnstitutunun yaradılması birbaşa Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun iştirakı ilə açılışı keçirilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da səhiyyə, tibb elmi və tibb təhsilini diqqət mərkəzində saxlayırlar: “Müstəqil Azərbaycanda tibb və səhiyyə sahəsində bilavasitə ölkə rəhbərliyinin nəzarəti ilə çox vacib islahatlar aparılır. Bunların arasında ən vacibi səhiyyənin yeni maliyyələşmə sisteminə keçməsidir. Bu da icbari tibbi sığorta sisteminin tətbiqidir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib ki, bu konqres Ulu öndərin xatirəsinə həsr edilib. Çünki bu sahənin inkişafı Ulu öndər tərəfindən qoyulub. Bütün sahələrdə olduğu kimi, səhiyyə, elm və təhsil sahəsində Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır. Hazırda açıq-ürək əməliyyatları nəinki paytaxtda, bölgələrdə də keçirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova bildirib ki, ötən il tibb müəssisələrimizdə 36 mindən çox ürək-damar əməliyyatı icra olunub. Bu rəqəm, sözün əsl mənasında, həyatların xilas edilməsi deməkdir. Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir. On minlərlə vətəndaş bu xidmətdən istifadə edir.

TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib ki, ölkə səhiyyəsində son illərin ən əhəmiyyətli və təsiredici addımlarından biri icbari tibbi sığortanın tətbiqidir. Nəticədə kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb, regionlarda belə invaziv kardiologiya xidmətləri göstərilməkdədir. O bildirib ki, nəticə olaraq ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm 100 min nəfərə görə 12 faiz azalıb (2019-cu illə müqayisədə). Yeddi regionda açıq ürək əməliyyatları həyata keçirilib və bu əməliyyatların müvəffəqiyyət göstəricisi 90 faizi ötüb.

Konqres plenar sessiyalarla işini davam etdirib.

Xatırladaq ki, konqresdə ümumilikdə 20-dən artıq ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edir.

XQ





Son xəbərlər