Xankəndidə COP Simulyasiya Konfransı

post-img

Aprelin 25-27-də Azərbaycanın Xankəndi şəhərində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Simulyasiya Konfransı keçirilir.

Aprelin 26-da tədbirin rəsmi açılışı olub. Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov yeni təsis olunmuş universitetdə ötən il ölkəmizin ev sahibliyi etdiyi iqlim konfransının simulyasiyasının keçirilməsinin əhəmiyyətindən danışıb.

Xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Azərbaycanın uğurlu COP29 təcrübəsindən bəhs edib və bu xüsusda, Azərbaycan Sədrliyindən xüsusi gözlənti olan iqlim maliyyəsi üzrə qərarın qəbul edilməsinin əhəmiyyətini vurğulayıb.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli öz növbəsində iqlim savadlılığının gənclərin iqlim fəaliyyətində iştirakını təmin etmək üçün əhəmiyyətli bir komponent olduğunu bildirib.

Açılış mərasimində QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərə iqlim dəyişikliyi ilə mübarizədə innovativ fikirlər və dayanıqlı həllərlə çıxış etməyə çağırış edib. Sonra İƏT-in Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov gəncləri konfrans müddətində aktiv iştirak etməyə çağırıb.

Daha sonra konfransın açılış mühazirəsi ilə Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov gənclərə sülh və iqlim sahəsində ölkəmizin təşəbbüsləri, COP29 zamanı qəbul edilmiş İqlim və Sülh fəaliyyətləri üzrə Bakı çağırışı haqqında geniş məlumat verib.

Konfrans çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında əməkdaşlıq haqqında “Xankəndi Anlaşma Memorandumu” imzalanıb.

XQ

Son xəbərlər