Kəlbəcər rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

post-img

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə  Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin, həmçinin Rayon Ağsaqqallar Şurasının dünyasını dəyişən sədri Vəliyəddin İsmayılovun  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqları və  tədbir iştirakçılarını salamlayaraq respublika ağsaqqallarının, eləcə də Kəlbəcər rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatındakı rolundan, səmərəli fəaliyyətindən danışıb. Vurğulayıb ki, 30 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma el-obalarından didərgin düşən Kəlbəcər  sakinləri, o cümlədən ağsaqqallar haqqın, ədalətin qalib gələcəyinə heç zaman ümidlərini itirməyiblər, daim dövlətin, xalqın yanında olublar. 

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxışında ölkəmizin sazlı-sözlü dilbər guşəsi olan Kəlbəcərdə ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının hər zaman böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir ruhunun daşıyıcısı, tanınmış ziyalı, mərhum el ağsaqqalı Qənbər Qurbanovun da uzun müddət Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi təşkilatın fəaliyyətinə böyük töhfələr verdiyini qeyd edib. Bildirib ki,  ağsaqqallar hər zaman olduğu kimi bu gün də şəhər və rayonlarda öz fəaliyyətlərini icra hakimiyyətləri, YAP və digər təşkilatlarla birgə səmərəli əməkdaşlıq şəklində quraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləməli, öz ağsaqqallıq missiyalarını daim yüksək səviyyədə həyata keçirməlidirlər. Natiq, həmçinin, müasir texnologiyalar, süni intellekt dövründə gənclərimizin milli adət-ənənələrə, dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman ciddi ehtiyacın olduğunu, onların üzərinə böyük   məsuliyyətin düşdüyünü vurğulayıb. 
Sonra təşkilati məsələlər müzakirə edilib. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri seçilib.



Son xəbərlər