Bu haqda “Xalq qəzeti”nə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən məlumat verilib.
Məlumatda bildirilir ki, Naxçıvan Sağlamlıq Mərkəzinə 33 adda yeni tibbi və texniki avadanlıq alınaraq əhalinin istifadəsinə verilib, xəstələrin daha komfortlu və effektiv müalicə alması üçün genişmiqyaslı infrastruktur yenilənməsi aparılıb. Həmçinin Ailə Sağlamlıq, Onkoloji və Hemodializ mərkəzləri üçün də bir sıra avadanlıqlar alınıb və mərkəzlərdə təmir işləri başa çatdıqdan sonra istifadəyə veriləcək. Bundan başqa, Naxçıvan Sağlamlıq Mərkəzində müasir tələblərə uyğun laboratoriya qurulub və bu laboratoriya üçün də müvafiq avadanlıqlar alınıb. Qısa müddət ərzində bu avadanlıqların istifadəyə verilməsi nəzərdə tutulur. Mərkəzdə əlavə olaraq, iki yeni müasir avadanlıqlarla təchiz edilmiş əməliyyat otaqları istifadəyə verilib. Bu otaqlardan biri hibrid əməliyyat otağıdır ki, bu otaqda yüksəkdəqiqlikli diaqnostik və cərrahi müdaxilələrin eyni vaxtda aparılması mümkündür. Naxçıvan Sağlamlıq Mərkəzində yaradılmaqda olan laboratoriyada İcbari Tibbi Siğortanın Xidmətlər Zərfinə daxil olan bütün laborator xidmətlər göstəriləcək.
Məlumatda qeyd olunur ki, bu işlər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.
Səbuhi HƏSƏNOV