Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra işlər həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında faydalı qazıntı yataqlarına Beynəlxalq qiymətləndiricilər tərəfindən ilk dəfə olaraq rəy verilməsi və bu sahədə geoloji-kəşfiyyat işlərinin aparılması məqsədilə Türkiyə Respublikasının Maden Tetkik və Genel Arama Müdürlüğü (MTA) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanan müqaviləyə uyğun olaraq fərqli sahələr üzrə ixtisaslaşmış mütəxəssislər beynəlxalq qiymətləndirmə işləri ilə bağlı Naxçıvana ezam olunublar. Beynəlxalq qiymətləndirmə işləri “Gümüşlü”, “Qapıcıq” və “Parağaçay” filiz yataqlarında həyata keçirilir.
MTA-nın mütəxəssisləri Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri ilə birlikdə qarşıda duran məsələlər, agentliyin laboratoriyasında Türkiyə Respublikasından gəlmiş laborantlarla geoloji sınaqların təhlil edilməsi, laborator analizlərin daha mötəbər aparılması istiqamətində işləri icra edirlər.
Məlumata görə, mütəxəssislər tərəfindən kameral mərhələdə xəritələr üzərində müzakirələr aparıldıqdan sonra Gümüşlü yatağında ilkin çöl işlərinə başlanılıb. Çöl işlərinin ilkin mərhələsində qazılacaq buruq quyularının yeri müəyyənləşdiriləcək, xəritəalma işlərinin aparılmasına dair istiqamət müəyyən ediləcək.
Qeyd edək ki, beynəlxalq və yerli təcrübələrdə filiz yataqları üzrə geoloji-kəşfiyyat işlərindən sonra beynəlxalq qiymətləndirici təşkilatlar tərəfindən ekspert rəyi alınır və bu rəy əsasında faydalı qazıntı yatağının ehtiyatları müvafiq kateqoriyalarla kondisiyaların tələblərinə uyğun təsdiqlənir. Rəydə gələcəkdə daha mötəbər, müasir tələblərin dəyişməsi ilə əlaqədar dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması istiqamətində tövsiyələrin verilməsi, ehtiyatı iqtisadi cəhətdən səmərəli hesab edilən yataqlar üzrə istismara dair məsləhətlərin verilməsi məsələləri qeyd olunur.
Bu layihənin icrası Naxçıvan Muxtar Respublikasında dağ-mədən sənayesinin inkişafına, yeni iş yerlərinin yaradılmasına, nəticədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və rezervlərin artmasına töhvə verəcəkdir.
Səbuhi HƏSƏNOV