Fevralın 15-də “Femida Könüllüləri” Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida Könüllüləri” Təşkilatının sıralarına hazırda 500-dən çox könüllünün qoşulduğunu diqqətə çatdırıb: “Bu il Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilib və müvafiq qurumlara tapşırıqlar və tövsiyələr verilib. Əminəm ki, “Femida Könüllüləri” Təşkilatı bu fəaliyyətdə aktiv olaraq iştirak edəcək və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində müvafiq qurumlara dəstək verəcək”.
Hazırda könüllülük hərəkatının bütün dünyada təqdir olunan, etimad göstərilən və hörmətlə qarşılanan hərəkatlardan biri olduğunu deyən ədliyyə nazirinin müavini Abiddin Hüseynov fikirlərinə belə davam edib: “Könüllülük fədakarlıq, əzmkarlıq deməkdir və bu işləri təmənnasız görməkdir. Bu fəaliyyət nəticəsində biz də könüllülər sırasından fərqlənən gəncləri gələcəkdə ədliyyə orqanları sıralarında görmək istəyir, onlara müxtəlif təkliflər edirik”.
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, Mediasiya Şurasının sədri Nadir Adilov çıxış edərək könüllülərin fəaliyyətindən məmnun olduqlarını, onlara hər zaman dəstək göstərilməsinin vacibliyini vurğulayıblar.
Forum çərçivəsində, həmçinin səmərəli fəaliyyətinə görə “Femida Könüllüləri” mükafatlandırılıblar.
XQ