İran Prezidenti Azərbaycana səfərə dəvət olunub

post-img

İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Bu barədə Azərbaycanın İrandakı Səfirliyi “X”dəki hesabında məlumat yayıb.

H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

İran İslam Respublikasının Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

“Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal–Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik”, – o qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində bu ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə Azərbaycanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb”, – Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında qeyd olunub.

Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

“Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr apardıq. Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.

Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu”, – o qeyd edib.

XQ



Son xəbərlər