Əli Əsədov beynəlxalq rəqəmsal forumda

post-img

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almatıya işgüzar səfəri çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda iştirak edib.

Tədbirdə çıxış edən Ə.Əsədov rəqəmsal inkişaf və innovasiya məsələlərinin müzakirəsi, rəqəmsal transformasiya çağırışlarına birgə cavab axtarışı üçün səmərəli platforma təklif edən forumun əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan dövlət strategiyasının ən mühüm elementi kimi rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir.

Bu il yanvarın 16-da Azərbaycanda bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edən, ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətinə çevrilən “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib.

Ə.Əsədov deyib: “Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir. Hazırda biz Azərbaycanın Süni İntellekt Strategiyasını hazırlayırıq. Süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsildir”.

Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanda müasir, çevik qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir. “Xüsusilə də bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti sadələşdirir, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir”, - deyə Baş nazir əlavə edib.

Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastrukturun yaradılmasının zəruriliyini vurğulayan Ə.Əsədov yüksəksürətli internetə çıxışı bu infrastrukturun əsas elementlərdən biri kimi dəyərləndirib. Baş nazir bildirib: “İnternet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsini xüsusi qeyd etmək lazımdır. Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99 faizindən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub”.

Qeyd olunub ki, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri “rəqəmsal hökumət” platformasının yaradılması olub. Dövlət qurumları arasında məlumat mübadiləsi prosesini tamamilə rəqəmsallaşdıran “Rəqəmsal körpü” milli məlumat mübadiləsi sistemi də tətbiq edilib. Dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün “Hökumət buludu” layihəsinə start verilib. “Bütün bunlar “elektron hökumət”in inkişafı və rəqəmsal transformasiyanın sürətləndirilməsi üçün zəruri olan davamlı, müasir və təhlükəsiz rəqəmsal infrastrukturun yaradılması istiqamətində həyata keçirilən layihələrin, sadəcə, kiçik bir hissəsidir”, - deyə Baş nazir əlavə edib.

Rəqəmsal transformasiyanın təkcə texnoloji proses deyil, həm də beynəlxalq əməkdaşlığı gücləndirmək üçün bir fürsət olduğunu bildirən Ə.Əsədov Azərbaycanın davamlı rəqəmsal gələcəyin yaradılması istiqamətində birgə fəaliyyəti davam etdirməyə hazır olduğunu vurğulayıb.

***

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 31-də Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan–Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin ötən il Pakistana baş tutmuş səfəri nəticəsində dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bildirilib.

Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

XQ

Son xəbərlər