Yanvarın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Birol Akgün etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğun müttəfiqliyimizin, o cümlədən regional və beynəlxalq müstəvidə birgə səylərimizin gücləndirilməsində müstəsna əhəmiyyətinin olduğunu diqqətə çatdırıb.
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və digər aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də birgə ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərimizin təqdirəlayiq olduğu, bu il Azərbaycanda keçiriləcək sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik qeyd edilib.
Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyada birgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərin əhəmiyyətli olduğu bildirilib.
Birol Akgün Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Lazar Komanesku ilə görüşüb.
Görüşdə Azərbaycan-QDİƏT əməkdaşlığı, bu ilin birinci yarısında Azərbaycanın təşkilata sədrliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov QDİƏT-in regional əməkdaşlığın təşviqi və irəlilədilməsi baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edərək, ölkəmizin təşkilat çərçivəsində mövcud əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın regional iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, turizm istiqamətində təşəbbüslərindən bəhs olunub, xüsusilə Xəzər-Qara-Aralıq dənizləri bölgələrini birləşdirən yaşıl enerji dəhlizi layihəsinin, habelə Orta Dəhlizin inkişaf etdirilməsi üzrə səylərin əsas istiqamətlərdən olduğu qeyd edilib.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs edən tərəflər, ötən il Azərbaycanda keçirilən bu mötəbər tədbir çərçivəsində yeni iqlim maliyyəsi hədəfi, karbon bazarları, İtki və Zərər Fondu ilə bağlı bir sıra vacib qərarların qəbulunun əhəmiyyəti, iqlim fəaliyyəti üzrə QDİƏT-də birgə fəaliyyətin vacibliyi vurğulanıb.
XQ