Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tacikistan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında yaradılan Tacikistandakı Dostluq və Əməkdaşlıq Mərkəzində "ŞƏT: narkotiksiz sağlam cəmiyyət uğrunda" mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilib.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov da tədbirdə iştirak edib.
Tacikistan XİN-in MDB ölkələri departamentinin rəhbəri, ŞƏT işləri üzrə milli əlaqələndiricisi vəzifələrini icra edən Əhməd Saidmurodzoda tədbirdə çıxış edərək Tacikistanın ŞƏT ilə əməkdaşlığı və bu çərçivədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsində görülən işlər haqqında söhbət açıb.
O, ŞƏT Dövlət Başçıları Şurasının 2024-cü ilin 4 iyul tarixli qərarı ilə Düşənbə şəhərində açılması nəzərdə tutulan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əsas element rolunu oynayacaq ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzinin yaradılmasından və bu istiqamətdə aparılan işlərdən danışıb.
Əlimirzamin Əskərov Azərbaycanın ŞƏT ilə əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini, Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa qlobal təhdidlərin və çağırışların həllinə çoxtərəfli yanaşmanın tərəfdarı olduğunu və bu kontekstdə Azərbaycanın xarici siyasətinin ŞƏT-in paylaşdığı məqsədlərlə üst-üstə düşdüyünü qeyd edib.
Həmçinin narkotik vasitələrə tələb və təklifin azaldılması məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq genişmiqyaslı məlumatlandırma kampaniyalarının həyata keçirilməsi, müalicə üsulları və reabilitasiya xidmətləri sisteminin genişləndirilməsini nəzərdə tutan dövlət proqramlarının qəbul edildiyini və Azərbaycanın bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətlərini qeyd edib.
Təşkilata üzv olan ölkələrin Tacikistanda akkreditə olunan diplomatik missiyalarının rəhbərləri çıxışlar edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində ölkələrində həyata keçirilən tədbirlər haqqında söhbət açıblar.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Düşənbə