Azərbaycanın növbəti beynəlxalq uğuru

post-img

Ölkəmiz nüfuzlu İslam təşkilatına üzv oldu

Zəngin təbii resurlara və strateji coğrafi mövqeyi ilə seçilən İslam ölkələrinin üzv olduqları təşkilatlar dünya siyasətində getdikcə daha fəal rol oynayırlar.  Azərbaycan da belə qurumlarda yaxından iştirak edir və müsəlman ölkələri ilə əlaqələrini daim gücləndirir.

Bu mənada, dekabrın 19-da Azərbaycanın “İslam Səkkizliyi” 
(­D-8) təşkilatına üzv olması daha bir tarixi hadisə olmaqla yanaşı, həm də ölkəmizin növbəti beynəlxalq uğurdur. Belə bir nüfuzlu təşkilata üzv olmaqla Azərbaycan D-8-in timsalında nüfuzlu siyasi platforma və tərəfdaş qazanır, fəal siyasi gündəliyini daha geniş coğrafiyaya yaymaq imkanı əldə edir.

Beləliklə, dekabrın 19-da inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Bu, şübhəsiz, müstəqillik tariximizdə beynəlxalq diplomatik uğurlarımız sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yadda qalacaq. 

Xatırladaq ki, D-8 Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında təsis olunmuşdu. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan edilmişdi. Eyni zamanda, D-8 ölkələri İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalamışdılar. 

D-8 çərçivəsində komissiyanın nəzdində 10 işçi qrupu fəaliyyət göstərir.“İslam səkkizliyi”, əsasən, iqtisadı əməkdaşlığı ön plana çəkən və müxtəlif sahələrdə maraqlı iqtisadi əməkdaşlıq formatı yaradan bir təşkilatdır. 2017-ci ildə İstanbulda keçirilən doqquzuncu sammit zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan təşkilat üzvlərini milli valyutalarda hesablaşmalara keçməyə və ölkələrin sayını 20-yə çatdırmağa dəvət etmişdi. 

3 qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-si , 130 milyard dollarlıq ticarət dövriyyəsi olan,  əhalisinin sayı dünya müsəlmanlarının 60 faizini təşkil edən (ümumi əhali 1,2 milyardan artıqdır) və böyük iqtisadi potensiala malik, “İslam Səkkizliyi” adlanan D-8-ə Azərbaycanın üzvlüyü  ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və göstərilən etimadın nəticəsidir.

 D-8 üzvlərinin ərazisində planetin enerji ehtiyatlarının çoxu cəmləşib. Dünyanın aparıcı nəqliyyat-kommunikasiya kanalları məhz İslam dünyası ölkələrinin ərazisindən keçir. Təşkilat İslam dünyasını nüfuzlu güc mərkəzlərindən birinə çevrilmək və aparıcı dünya dövlətləri ilə bərabərhüquqlu dialoqa girmək niyyətində olduğunu nümayiş etdirir. D-8 qlobal iqtisadi güc mərkəzlərilə əməkdaşlıq etmək və planetdə sülh və əminamanlıq yaratmaq üçün təsis olunduğunu bildirir. Yəni digər güc mərkəzlərilə qarşıdurmaya yox, ümumi rifah naminə əməkdaşlıq etmək niyyəti daşıyır. Əlbəttə, malik olduğu potensial “İslam Səkkizliyi”ni digər güc mərkəzlərinin hesablaşdığı qüvvəyə çevirir.

Beynəlxalq aləmin nüfuzlu aktoru kimi Azərbaycan 2022-ci il iyulun 27-də təşkilata üzvlüklə bağlı  müraciət etmişdi və dekabrın 19-u ölkəmiz  yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Bu, əlbəttə, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Xatırladaq ki, dövlət başçımız ilk dəfə olaraq fəxri İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmişdi. 

Azərbaycanın təşkilata üzvlüyü D-8-in də geosiyasi və geoiqtisadi çəkisini artıracaq.  Bakının üzvlüyü isə təşkilatın təsir coğrafiyasını strateji region sayılan Cənubi Qafqazadək genişləndirəcək. Zəngin karbohidrogen resurslarına malik Azərbaycanın təşkilata üzv olması D-8-in iqtisadi gücünü artıracaq və bir sıra vacib məsələlərdə ölkəmizin ümumi cəbhədən çıxış etməsinə şərait yaradacaq. 

Bir sözlə, ölkəmizin D-8 üzvlüyü bir daha sübut edir ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq aləmin rəğbətini qazanan dövlətlərdəndir. Nəhayət, Azərbaycanın üzvlüyü sayəsində təşkilat D-9-a çevriləcək, “İslam Səkkizliyi” genişlənmək üçün yeni təkan alacaq. Bu isə təşkilatın gələcəkdə daha da güclənməsinə imkan verəcək. 

Səbuhi MƏMMƏDOV 
XQ

 

Son xəbərlər