Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Görüşdə Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, habelə ətraf mühitin qorunması istiqamətində əməkdaşlıq imkanları, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol diqqətə çatdırılıb. Ölkəmizin COP29 Sədrliyi çərçivəsində xüsusilə maliyyə hədəflərinin artırılması daxil olmaqla, iqlim dəyişmələri ilə mübarizə sahəsində dönüş yarada biləcək tarixi razılıqların, eləcə də yaşıl enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb. Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarının sülh prosesinə maneə təşkil etdiyi qeyd olunub.
Avropa İttifaqının Ermənistandakı Missiyasının fəaliyyətinə toxunan Ceyhun Bayramov sözügedən Missiyanın bəyan edilmiş məqsədlərinə zidd olaraq ölkəmiz əleyhinə təbliğat kampaniyasının alətinə çevrilməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.
XQ