“Əlbəttə, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, biz sual veririk ki, bu nədən baş verir, bu niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qarabağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 139-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı iyulun 20-də “Yalan məlumatların ifşası: dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Forumunda “Berliner Zeitung” qəzetinin nümayəndəsinin sualına cavab verərkən söyləyib.
Qeyd edək ki, çoxsaylı suallara məntiqi və məzmunlu cavab verən Azərbaycan Prezidenti, həmçinin Türk Dövlətləri Təşkilatı ilə bağlı fikirlərini bir daha diqqətə çatdırıb: “Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq”. Forumun materialları ilə yeni kitabda tanış olmaq mümkündür.
Çoxcildliyin 139-cu kitabında toplanmış materiallar 2024-cü ilin iyul-sentyabr aylarını əhatə edir.
Yeni kitaba Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin, Böyük Britaniya və Simali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərinin materialları, Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında iştirakı haqqında informasiya, Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilmiş dəyirmi masada çıxışının mətni daxil edilib.
Nəşrdə Prezident İlham Əliyevin Qazaxıstana səfəri, Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının birgə görüşündə çıxışının mətni, Özbəkistana dövlət səfəri, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 1-ci iclasında iştirakı, sənədlərin imzalanması mərasimi haqqında informasiyalar, Azərbaycan və Özbəkistan liderlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri də verilib.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfərinin materialları, “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışının mətni ilə də tanış ola bilər.
Çoxcildliyin bu kitabına Prezident İlham Əliyevin Azərbaycana dövlət səfərinə gəlmiş Rusiya Prezidenti Vladimir Putin ilə görüşünə, imzalanmış sənədlərin mübadiləsinə, liderlərin mətbuata bəyanatlarla çıxışlarına dair materiallar da daxil edilib.
Yeni kitabda dövlətimizin başçısının XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşünə dair məlumat da yer alıb.
Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda səfərdə olub, Xudavəng monastır kompleksini ziyarət edib. Dövlətimizin başçısı, həmçinin Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, inzibati binanın, rayonunun İstisu qəsəbəsinin təməllərini qoyub, “İstisu” mineral su zavodunun açılışında iştirak edib, infrastruktur obyektlərində aparılan tikinti işləri ilə tanış olub. Bütün bunlar haqqında materiallar yeni kitabda toplanıb.
“Azərnəşr” tərəfindən buraxılan 139-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
AZƏRTAC