Ceyhun Bayramovun Malta görüşləri

post-img

Dekabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və dostluq münasibətlərinin müxtəlif aspektləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Ceyhun Bayramov həmkarını Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə bir daha təbrik edib, fəaliyyəti dövründə uğurlar arzu edib. Tərəflər ölkələrimiz arasında beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət və dostluğa əsaslanan strateji tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Siyasi məsləhətləşmələr mexanizmindən istifadənin əməkdaşlığın regional və beynəlxalq platformalar çərçivəsində inkişafına mümkün töhfələri qeyd olunub. İkitərəfli münasibətlərin iqtisadi, müqavilə-hüquq, humanitar və enerji aspektlərinin inkişafının əhəmiyyəti qeyd olunub, birgə strateji layihələrin vacibliyi diqqətə çatdırılıb. Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov ölkəmizin sədrlik etdiyi və bölgəmizdə ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları barədə həmkarını məlumatlandırıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Finlandiyanın Xarici İşlər naziri Elina Valtonen ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və Finlandiya arasında əməkdaşlıq perspektivləri, növbəti il Finlandiyanın ATƏT-ə sədrliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanın COP29 Sədrliyi zamanı iqlim dəyişmələri ilə mübarizə sahəsində əldə edilmiş tarixi əhəmiyyətli razılıqları, ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində səyləri diqqətə çatdırıb. Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan–Ermənistan normallaşma gündəliyi barədə ətraflı məlumatlandırılıb.

C.Bayramov, eyni zamanda, Finlandiyaya qarşıdan gələn il ATƏT-ə sədrliyi dövründə uğurlar arzu edib, Təşkilatın funksionallığı və effektivliyinin artırılması istiqamətində səyləri dəstəkləməyə hər zaman hazır olduğumuzu qeyd edib. Xüsusilə, ATƏT-in keçmiş Ermənistan–Azərbaycan münaqişəsinin qalığı olan təsisatlarının artıq aktuallığını itirməsi baxımından ləğvinin Təşkilatın fəaliyyətinin səmərəliliyi istiqamətində əhəmiyyətini vurğulayıb.

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Slovakiya Respublikasının xarici və Avropa işləri naziri Yuray Blanar ilə də görüşüb.

Görüşdə Azərbaycan–Slovakiya strateji tərəfdaşlıq əlaqələri, COP29 çərçivəsində əldə olunmuş əhəmiyyətli qərarlar, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

COP29 çərçivəsində iki ölkə rəhbəri arasında keçirilmiş görüş məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycan və Slovakiya arasında dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin, eləcə də siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

***

Dekabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Fasel, Sloveniya Respublikasının xarici işlər və Avropa işləri naziri Tanya Fayon, Andorra Knyazlığının xarici işlər naziri İmma Tor Faus ilə də görüşüb.

XQ

Son xəbərlər