Avropada etnik, dini dözümsüzlük və ayrı-seçkilik niyə artır?

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirak edib.

Tədbirdə çıxış edən Ceyhun Bayramov bugünkü iclasın olduqca mürəkkəb dövrə təsadüf etdiyini deyib. Bildirib ki, beynəlxalq hüququn pozulması, beynəlxalq öhdəliklərin yanlış təfsiri və selektiv şəkildə tətbiqi inam və etimadın azalmasının, habelə çoxtərəfliliyin davam edən böhranının əsasında dayanır. Eyni zamanda, təhlükəsizlik və sabitlik heç bir sərhəd tanımayan, çoxtərəfli həllər tələb edən artan transmilli çağırışların mövcudluğuna görə təhdid altındadır.

Qeyd olunub ki, Avropada islamofobiya və antisemitizm kimi etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur. ATƏT-ə üzv olan müvafiq dövlətlərin Təşkilat çərçivəsində aidiyyəti və beynəlxalq öhdəliklərinə əməl etmələri son dərəcə vacibdir.

Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in bütün sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə hörmət edilməsi və əməl olunması, xüsusilə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət təhlükəsizlik və sülhün təməl daşı, eləcə də dialoq və əməkdaşlıq üçün əsas olmalıdır.

Nazir deyib ki, Azərbaycan ATƏT-in də daxil olduğu effektiv çoxtərəfliliyin güclü tərəfdarı olaraq qalır və büdcənin qısa zamanda qəbul edilməsi, habelə ATƏT-in funksionallığı ilə bağlı baş katibin və icra strukturlarının rəhbərlərinin təyin edilməsi məsələsi ətrafında yaranmış çıxılmaz vəziyyətin həll olunması məsələlərinin həllində konstruktiv qarşılıqlı fəaliyyətə çağırır.

Nazir deyib ki, ATƏT-in keçmiş Minsk prosesi ilə bağlı strukturları köhnədir və reallığa uyğun deyil. Bu strukturların kağız üzərində saxlanması təşkilatın maliyyə qaydalarına ziddir. Müvafiq olaraq, bu vəziyyət büdcə prosesi çərçivəsində tənzimlənməlidir.

ATƏT-in zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq, bölgədə Ermənistan–Azərbaycan kontekstində xeyli irəliləyişlər əldə edilib. Qanunsuz hərbi mövcudluğun aradan qaldırılması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası nəticəsində artıq sülh faktiki olaraq bərqərar edilib. Bu, substantiv şəkildə dövlətlərarası münasibətlərin normallaşmasına yol açmaq üçün yeni imkanlar yaradıb.

Bildirilib ki, Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıb. Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş Əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub.

“Bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir”, – deyə nazir əlavə edib.

Əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır. Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır.

Nazir deyib: “Sülh və mehriban qonşuluq münasibətləri Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz”.

C.Bayramov vurğulayıb ki, Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir, buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyir.

XQ

Siyasət