COP29-da diplomatik görüşlər

post-img

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə görüşüb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Maldiv arasında bir sıra, o cümlədən iqtisadi, investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov COP29 çərçivəsində Maldiv Respublikasından ölkəmizə yüksəksəviyyəli nümayəndə heyətinin səfərinin əhəmiyyətini qeyd edərək bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından vacib olduğunu diqqətə çatdırıb.

Nazir Abdulla Xəlil Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərinə rəhbərliyində uğurlar arzu edib.

Sonra nazirlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” və “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Maldiv Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması baş tutub.

***

Xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində NATO Baş katibinin innovasiya, hibrid və kiberməsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə də görüşüb.

Söhbət zamanı Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.

COP29 sədrliyimiz çərçivəsində iqlim fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır olduğumuz diqqətə çatdırılıb. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

XQ

Son xəbərlər