Milli Məclis sədrinin COP29 iştirakçıları ilə görüşləri

post-img

Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tanzaniya Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson ilə görüşüb.

Görüşdə Azərbaycan ilə PAİ arasında əməkdaşlıq, Bakıda keçirilən COP29-un əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

COP29-un yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirən qonaq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qonaqlarla ayrıca görüşməsi, onları dinləməsi və göstərilən diqqət yüksək qiymətləndirilir. PAİ prezidenti göstərilən qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına təşəkkürünü ifadə edib. O, xüsusilə kiçik ada dövlətlərinin səsinin COP29-da eşidilməsinə şərait yaradıldığı üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da danışılıb.

Görüşdə Azərbaycan Milli Məclisi ilə Tanzaniya Milli Assambleyası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

***

Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla da görüşüb.

Görüşdə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər, həmçinin Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünə hazırlıq istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb.

Martin Çunqonq COP29 kimi vacib qlobal tədbirə ev sahibliyi etdiyi üçün ölkəmizə təbriklərini çatdırıb. O, COP29-a hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğulayıb.

Görüşdə Milli Məclislə Parlamentlərarası İttifaq arasındakı münasibətlər yüksək dəyərləndirilib, Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyi, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğu bildirilib. Bu əməkdaşlığın nəticəsi olaraq, COP29 çərçivəsində keçiriləcək Parlament Görüşünün yüksək səviyyədə keçiriləcəyinə inam ifadə edilib.

***

Milli Məclisin sədri Sahibə Qafarova Tonqa Krallığının Qanunvericilik Məclisinin sədri Lord Fkafanua Fatafehi ilə də görüşüb.

Söhbət zamanı Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar barədə məlumat verilib.

Lord Fkafanua Fatafehi kiçik ada dövlətlərinin iqlim ədalətsizliyi ilə üzləşdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan kimi yeni dostların bu dövlətlərə iqlim dəyişikliklərinə uyğunlaşmağa göstərdiyi yardım çox böyük əhəmiyyətə malikdir. O, ümidvar olduğunu söyləyib ki, həm COP29, həm də Parlament Görüşü çərçivəsində keçirilən müzakirələr məhsuldar olacaq və iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə mühüm töhfələr verəcək.

Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.

***

Dünən Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri, Lordlar Palatasının üzvü, Baronessa Tereza Mey ilə də görüşüb.

Baronessa Tereza Mey belə vacib qlobal tədbirə ev sahibliyi ilə bağlı ölkəmizi təbrik edib, 70 mindən çox nümayəndənin qatıldığı COP29-un bütün dünyanın diqqətində olduğunu deyib.

S.Qafarova iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkə kimi Azərbaycanın hələ COP29-a sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən bərpaolunan enerji mənbələrindən istifadə məsələlərinə daim böyük diqqət göstərdiyini söyləyib.

Söhbət zamanı iqlim dəyişikliyi problemlərinə qarşı mübarizədə parlamentlərin vacib rolu da qeyd edilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi parlamentlər arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycan Milli Məclisi haqqında məlumat verilib.

Eyni zamanda, gender bərabərliyi və qadın məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Sahibə Qafarova deyib ki, ölkəmizdə qadın məsələlərinə xüsusi önəm verilir.

Söhbət zamanı Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin ölkəmizin təşəbbüsü ilə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin təşkili barədə məlumat verilib.

XQ

Son xəbərlər