Astanada Müstəqil Dövlətlər Birliyi Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 55-ci iclası keçirilib.
İclasda Azərbaycan, Belorus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsinin və Antiterror Mərkəzinin nümayəndələri iştirak edib.
İclasda terrorizm və dini ekstremizmlə mübarizə sahəsində MDB ölkələrinin xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə edilib.
Tədbirdə MDB ölkələrinə giriş-çıxış məntəqələrində beynəlxalq terror təşkilatlarının üzvlərinin və digər radikal elementlərin axtarışının təşkili sahəsində əməkdaşlığın intensivləşdirilməsi üzrə tədbirlərin planı hazırlanıb. Terrorizm və ekstremizmin digər təzahürlərinə qarşı mübarizə problemlərini öyrənmək, gələcək işlərin istiqamətlərinin müəyyən olunması məsələləri də diqqət mərkəzində olub.
Qazaxıstan Prezidenti Qasımcomərd Tokayev iclas iştirakçılarını qəbul edib.
Qazaxıstan dövlətinin başçısı vurğulayıb ki, operativ və analitik məlumatların vaxtında mübadiləsi regional təhlükəsizliyə qarşı çağırış və təhdidlərə qarşı mübarizənin səmərəliliyini artırmağa imkan verir.
Q.Tokayev əmin olduğunu bildirib ki, görüşün nəticələri MDB ölkələrinin xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyətin daha da inkişafına şərait yaradacaq, beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinə kömək edəcək.
Qulu Kəngərli,
XQ-nin xüsusi müxbiri
Astana