Oktyabrın 4-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyətini Baş Prokurorluqda qəbul edib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror Azərbaycan və Türkiyənin liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasəti nəticəsində dövlətlərarası əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib və həmin əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını və gələcəkdə davam edəcəyinə əminlik ifadə edilib.
Türkiyə nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ölkələrimizin bütün sahələrdə əlaqələrinin sıx olmasını qeyd etməklə, Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının və Ümumi Yığıncağının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
O, səfər zamanı Şuşa və Xankəndi şəhərlərini və orada yerləşən bir sıra tarixi-mədəni abidələrini ziyarət etməsinə şərait yaradılmasına görə təşəkkürünü ifadə edərək, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə etdiyini, görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olduğunu bildirib.
Bundan başqa, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Qarabağ Universitetinin Xankəndi şəhərində təsis edilməsini tarixi hadisə olmasını vurğulamaqla həmin təhsil müəssisəsinin aparıcı ali məktəblərdən birinə çevriləcəyinə əminlik ifadə edib.
XQ