Oktyabr ayının 3-də - Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 31-ci ildönümündə Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı milli-mənəvi dəyərlərimizin qorunması mövzusunda konfrans keçirilib.
Gəncə Dövlət Universitetində keçirilən konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, ziyalılar, qazilər, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq bildirib ki, yerli təşkilatlar tərəfindən müntəzəm olaraq aktual mövzulara həsr olunmuş tədbirlər, görüşlər keçirilir, gənclərimizlə maarifləndirici söhbətlər aparılır. Natiq Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərə malik olduğunu vurğulayaraq qeyd edib ki, milli kimliyimizin formalaşmasında bu dəyərlər müstəsna rola malikdir.
Ümumiyyətlə, milli-mənəvi dəyərlərimiz dedikdə, əsas etibarilə, milli dilimiz, tariximiz, ənənəvi dini dəyərlərimiz, həmçinin zəngin aşıq sənətini, muğamı özündə ehtiva edən milli musiqimiz, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, bizi bir çox xalqlardan müsbət mənada fərqləndirən qonaqpərvərliyimiz və bir çox digər ali dəyərlərimiz göz önündə canlanır. Təbii ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, yaşadılmasında və gələcək nəslə ötürülməsində ağsaqqalların böyük rolu vardır. Ağsaqqallarımızın bu şərəfli missiyasına ən yüsək qiyməti milli-mənəvi dəyərlərimizin hamisi, Ümummilli Liderimiz Heydər Əliyev vermişdir: “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur.”
Natiq, həmçinin, bildirib ki, müasir dövrümüzdə milli-mənəvi dəyərlərimizə yüksək diqqətin bariz nümunəsini Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, ISESKO-nun və 2004-2022-ci illərdə UNESCO-nun xoşməramlı səfiri olmuş Mehriban xanım Əliyeva göstərir.
Çıxışının sonunda Bayram Yusifov gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların maarifləndirilməsində ağsaqqalların üzərinə yenə də böyük vəzifələrin düşdüyünü vurğulayıb və gənclərə xitab edərək onları cəmiyyətdə daha aktiv olmağa, elm və biliklərə yiyələnməyə, Vətənə, dövlətə, xalqa, tarixi irsimizə və milli-mənəvi dəyərlərimizə hər zaman sadiq olmağa çağırıb.
Sonra digər natiqlər də çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunmasından və bu dəyərlərimizin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən söz açıblar.
Sonda bir qrup şəxs Gəncə Şəhər Ağsaqqallar Şurasının işində səmərəli fəaliyyətlərinə görə təşkilatın təşəkkürnamələri ilə təltif olunublar.