“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib.
Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ötən bir il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında enerji sektoruna dair səsləndirdiyi fikirlər əsasında hazırlanan videoçarx təqdim edilib.
ARDNŞ-in prezidenti Rövşən Nəcəf Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin neftçilərə təbrik məktubunun mətnini oxuyub. Şirkət prezidenti neft-qaz sənayemizin inkişafına, neftçilərə göstərilən davamlı dəstəyə görə Prezident İlham Əliyevə neftçilər adından minnətdarlığını ifadə edib. Rövşən Nəcəf Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi, enerji strategiyasının müəllifi Heydər Əliyevin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi”nin neft-qaz sənayesində əldə olunan uğurların təməlini qoyduğunu, ölkəmizin davamlı və dayanıqlı sosial-iqtisadi tərəqqisinə, beynəlxalq mövqelərinin gücləndirilməsinə əlverişli zəmin yaratdığını bildirib.
Azərbaycanın dünyada neft və qaz ilə yanaşı, neft və neft-kimya məhsulları ixrac edən ölkələrdən biri kimi də mövqeyini davamlı olaraq gücləndirdiyini ifadə edən Rövşən Nəcəf şirkətin layihələrinin iqtisadiyyata əlavə dəyər qazandırılmasında, “yaşıl” enerji keçidində, qeyri-neft sektorunun, kiçik və orta biznes subyektlərinin inkişafında önəmli rol oynadığını qeyd edib.
BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Neftçilər Günü və “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanmasının 30 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirakdan böyük şərəf duyduğunu ifadə edib. Vitse-prezident Azərbaycanın 20 sentyabr 1994-cü il tarixindən etibarən qazanılan uğurlar sayəsində dünyanın neft istehsal edən qlobal enerji təchizatçılarından birinə çevrildiyini bildirib.
Milyonlarla insanın enerji təhlükəsizliyində “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının rolundan bəhs edən Q.Birrel bu sazişin Azərbaycana və bütün regiona iqtisadi firavanlıq gətirdiyini vurğulayıb.
Sonra qocaman neftçi Firdovsi Əhmədov tərəfindən neftçilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub.
Tədbir çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi olub.
Daha sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Neft Şirkətinin birgə təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib. Zərflər ARDNŞ-in prezidenti Rövşən Nəcəf, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz tərəfindən möhürlənib.
Sonra mərasim bədii hissə ilə davam etdirilib.
XQ