MSK Milli Məclisə növbədənkənar seçkilərə yekun vurub

post-img

Məzahir Pənahovun sədrliyi ilə sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar MSK tərəfindən seç­kilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələ­sinə baxılıb.

Komissiyanın iclasında öncə seçkilərin yüksək səviyyədə ha­zırlanıb keçirilməsi istiqamətin­də gerçəkləşdirilən genişmiqyaslı layihələr və atılan məqsədyönlü addımlardan danışılıb. Qeyd olu­nub ki, Milli Məclisə seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməklə respub­likamızın ictimai-siyasi həyatında əlamətdar bir tarixi hadisəyə çevri­lib. Seçkilərə rəsmən start verildiyi gündən başlayaraq Seçki Məcəllə­sinin tələblərinə dəqiqliklə riayət olunub, nəzərdə tutulan bütün tədbirlər Komissiyanın hazırlayıb təsdiq etdiyi Təqvim planı əsasında ardıcıl, sistemli və keyfiyyətlə real­laşdırılıb.

Seçkilərdə mühüm prioritet məsələlərdən biri olan seçici si­yahılarının dəqiqləşdirilməsinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə uğurla həyata keçirilmə­si, bu işdə media qurumları və sosi­al media platformalarının imkanla­rından da geniş istifadə olunmaqla, müxtəlif vasitələrlə əhatəli fəaliy­yət göstərilməsi təqdirlə vurğula­nıb. “ASAN xidmət”lə birgə layihə çərçivəsində ilk dəfə 2024-cü il Azərbaycan Respublikası Prezi­denti seçkilərində əsası qoyulan və seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsinə hədəflənən mütərəqqi və effektiv bir vasitə Milli Məclisə seçkilərdə də davam etdirilib. 

Seçkilərin ən təqdirəlayiq tərəflərindən biri məhz siyasi par­tiyaların bu seçkilərə indiyədək görünməmiş şəkildə maraq göstər­məsi, ölkədə fəaliyyət göstərən 25 siyasi partiyanın öz namizədləri ilə seçkilərdə iştirak etməsi olub. Bü­tün namizədlərə seçkiqabağı təş­viqat dövründə geniş imkanlar və hərtərəfli bərabər şərait yaradılıb. 

Media subyektləri ödənişli əsaslarla seçkiqabağı təşviqata qo­şulmaqda böyük fəallıq nümayiş et­diriblər. Bu məqsədlə 58 media qu­rumundan MSK-ya təqdim olunan müraciətlərin hamısı təmin edilib. 

Komissiyanın iclasında xüsusi qeyd edilən məsələlərdən biri də seçkilərin geniş aşkarlıq və şəffaf­lıq mühitində keçməsi olub. Bildi­rilib ki, ümumilikdə 121 mindən artıq seçki iştirakçısı səsvermə günü məntəqə seçki komissiyala­rının işini müşahidə etmək hüququ əldə edib. Seçkilərin müşahidəsinə 51 xarici qurum və 69 ölkəni təmsil edən 598 beynəlxalq müşahidəçi, o cümlədən nüfuzlu beynəlxalq media subyektlərinin təmsilçiləri qatılıblar. 

Seçkilərdə 2-si xarici partnyor­ları ilə birgə olmaqla, 3 ixtisaslaş­mış təşkilat tərəfindən keçirilən “exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə, xəta əmsalı nəzərə alınmaqla, demək olar ki, üst-üstə düşüb.

Seçkilərin müşahidəsinə siya­si partiyaların və qeyri-hökumət təşkilatlarının ciddi maraq göstər­məsinə də ayrıca diqqət çəkilib. Bildirilib ki, 24 siyasi partiya 65 minə yaxın təmsilçisi ilə seçkilərin müşahidəsinə qatılıb. 

Bütün ölkə coğrafiyası əhatə olunmaqla, 1000 məntəqədə qu­raşdırılan yüksək görüntü effek­tinə malik veb-kameralar səsvermə günü seçki məntəqələri fəaliyyətə başladığı andan etibarən proseslə­rin gedişini hamı üçün açıq platfor­mada bütünlüklə, arasıkəsilmədən və real vaxt rejimində dünyanın istənilən yerindən heç bir qeydiy­yat tələb olunmadan internet isti­fadəçiləri tərəfindən müşahidə et­məyə imkan yaradıb. 

İclasda, bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairə­si üzrə 6478 seçki məntəqəsində keçirilib. Bu seçkilərdə işğaldan azad olunmuş ərazilərdəki daimi seçki məntəqələrinin sayı daha da artırılaraq 34-ə çatdırılıb, o cümlə­dən müvəqqəti əsaslarla fəaliyyət göstərən 20 seçki məntəqəsi yara­dılıb. Səsvermə günü seçicilər azad və sərbəst şəkildə öz konstitusion hüquqlarını reallaşdırıb və ümumi­likdə, ölkə üzrə seçicilərin 37,24 faizi səsvermədə iştirak edib. 

İclasda o da qeyd olunub ki, səsvermə günü və ondan sonrakı gün MSK və ya aşağı seçki komis­siyalarına hər hansı qanun pozun­tusu barədə heç bir şikayət və ya müraciət daxil olmayıb. Səsvermə günündən sonra seçkilərə yekun vurulanadək daxil olan müraciət­lər və müxtəlif mənbələrdən əldə edilən məlumatlar maraqlı sub­yektlərin və ərizəçilərin də iştirakı ilə tam şəffaf, obyektiv və hərtərəf­li araşdırılaraq qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada operativ şəkildə iclasa çıxarılıb, geniş və ictimaiyyətə açıq müzakirələrin ardınca müvafiq qə­rarlar qəbul olunub. 

MSK-nın iclasında iştirakçılar Milli Məclisə seçkilərin hazırlan­ması və keçirilməsi barədə məlu­matlandırıldıqdan sonra gündəlik­də nəzərdə tutulmuş məsələlərin müzakirəsinə keçilib. Bildirilib ki, qanunvericiliklə müəyyənləşdiril­miş müddətdə və qaydada MSK-ya təqdim olunan dairə seçki komis­siyalarının protokolları və onlara əlavə edilən zəruri seçki sənədləri Seçki Məcəlləsinin tələblərinə uy­ğun şəkildə təfsilatlı araşdırılıb. Komissiya sənədlərin yoxlanılması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün ol­mayan 13 saylı Xəzər ikinci seçki dairəsinin 12, 15 saylı Yasamal bi­rinci seçki dairəsinin 26, 18 saylı Nərimanov – Nizami – Binəqədi seçki dairəsinin 15, 31 saylı Su­raxanı ikinci seçki dairəsinin 1, 38 saylı Gəncə birinci seçki dairəsinin 13, 41 saylı Gəncə – Samux – Go­ranboy seçki dairəsinin 38, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5 və 9, 52 saylı Yevlax seçki dairə­sinin 2 və 8, 80 saylı Lerik – Astara seçki dairəsinin 88, 82 saylı İmişli –Saatlı seçki dairəsinin 41, 42, 44 və 45, 104 saylı Gədəbəy seçki da­irəsinin 20, 25 və 34, eləcə də 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqələrində səsver­mənin nəticələrini etibarsız hesab edib. O cümlədən, seçkilərin ha­zırlanması, keçirilməsi və səsver­mənin nəticələrinin müəyyənləş­dirilməsi zamanı fəaliyyətlərində nöqsanlara yol verən, ümumilikdə, 35 seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılıb.

İclasda cari ildə keçirilən Milli Məclisə növbədənkənar seçkilərdə dairə seçki komissiyalarının səs­vermənin yekunlarına dair proto­kolları və onlara əlavə edilmiş di­gər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilib, seç­kilərin ümumi yekunları haqqında MSK-nın protokolu tərtib olunub və bütün Komissiya üzvləri tərə­findən imzalanaraq təsdiqlənib. Həmçinin seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkilərin yekunlarının təsdiq edilməsi üçün komissiyanın protokolunun müva­fiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məh­kəməsinə təqdim olunmasına qərar verilib.

XQ



Son xəbərlər