Seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir
Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirib.
Yerli və xarici media subyektlərinin nümayəndələri tərəfindən operativ şəkildə işıqlandırılan mətbuat konfransında Milli Məclisə seçkilərə son hazırlıq işləri barədə yekun statistik göstəricilər təqdim olunub və məlumatlar verilib.
Məzahir Pənahov bildirib ki, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan kimi MSK ilk gündən növbədənkənar parlament seçkilərini Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun təşkil etməyə çalışıb. “Atdığımız bütün addımlar şəffaf şəkildə həyata keçirilib, media nümayəndələri də prosesləri müşahidə ediblər. Beynəlxalq qurumların müşahidə missiyaları, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) artıq avqustun əvvəllərindən Azərbaycandadır. ATƏT DTİHB bölgələrdə geniş şəkildə fəaliyyət göstərib”, – deyə MSK sədri əlavə edib.
O, Milli Məclisdə 125 deputat yerinin və buna görə də ölkədə eyni sayda seçki dairəsinin olduğunu diqqətə çatdıraraq qeyd edib: “Ölkə üzrə ümumi seçicilərimizin sayı 6 milyon 421 min 960 nəfərdir. Daimi seçici siyahısı üzrə olan seçicilərin sayı 6 milyon 308 min 851, müvəqqəti seçicilərin sayı isə 113 min 109 nəfərdir. Daimi seçicilərin 47,57 faizi kişi, 52,43 faizi isə qadındır. Ən çox seçici 30-39 yaş aralığındadır. Onlar seçicilərin 23,64 faizini təşkil edirlər. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 51 min 141 nəfərdir”.
Bildirib ki, seçicilərimizin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün bütün şərait yaradılıb. Milli Məclisə seçkilər 6478 seçki məntəqəsində keçiriləcək. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir. Müvəqqəti məntəqələr səsverməyə 5 gün qalmış yaradılıb.
Seçkilərlə əlaqədar yaradılan 125 dairənin 10-nun məcburi köçkün dairələri olduğunu vurğulayan MSK sədri deyib ki, Milli Məclisə seçkilərdə 397 min 862 məcburi köçkün 574 məntəqədə səs verə biləcək.
MSK sədri parlament seçkilərində deputat mandatı uğrunda 990 namizədin mübarizə aparacağını deyib. Diqqətə çatdırıb ki, deputatlığa namizədlərdən 305 nəfərinin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. Cəmiyyətin müxtəlif təbəqələri seçkilərdə iştirak baxımından fəallıq nümayiş etdirirlər. Hər dairəyə 7-dən çox namizəd düşür. Bu da geniş seçim imkanının olduğunu deməyə imkan verir.
M.Pənahov qeyd edib ki, parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 112 min 749 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 65 minə yaxını 24 siyasi partiyanın müşahidəçiləridir. Eyni zamanda, seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər akkreditə olunub.
Onun sözlərinə görə, parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, "Tərəqqi" sosial tədqiqatlar ictimai birliyi və “Sosioloji Tədqiqatlar Mərkəzi” qeydə alınıb. Onlardan ikisi öz fəaliyyətini xarici partnyorları ilə birgə qurublar. Bu təşkilatlar geniş imkanlara malikdir. Təşkilatlar 2500-dən artıq məntəqədə öz fəaliyyətlərini həyata keçirəcəklər.
* * *
Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yenerin, Rusiya Federal Məclisinin Federasiya Şurasının müşahidə missiyasının rəhbəri Aleksandr Terentyevin, Belarus–Rusiya İttifaqının Parlament Məclisinin müşahidə missiyasının rəhbəri Sergey Raçkovun və Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskinin rəhbərlik etdikləri müşahidə missiyalarının üzvləri ilə görüşüb.
XQ