XİN: Paşinyanın sülhdən yayınmaq cəhdləri

post-img

“Ermənistan Baş nazirinin 31 avqust tarixli mətbuat konfransında növbəti dəfə Azərbaycan–Ermənistan normallaşma prosesi və bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verməsi təəssüf doğurur”.

Bunu Xarici İşlər Nazirliyinin mətbu­at katibi Ayxan Hacızadənin Ermənistan Baş nazirinin 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndir­diyi fikirlərə dair şərhində deyib: 

“Guya, Azərbaycanın Konstitusiya ak­tında Ermənistana qarşı ərazi iddialarının olması barədə fikir tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Er­mənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledil­məzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bu­nun qeyri-ciddi olduğunu hər kəs bilir. Er­mənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olu­nan 1991-ci il Dövlət Müstəqilliyi haqqın­da Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bunu danmaq mümkün deyil. Bu məsələ Azərbaycan qanunverici­liyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir”.

XİN sözçüsünün açıqlamasına görə, Ermənistan tərəfinin sülh müqaviləsi la­yihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanun­vericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz oldu­ğunu bildirməsi də tamamilə əsassızdır:

“Bir daha qeyd edirik ki, heç bir bey­nəlxalq sazişin Konstitusiyadan üstün ol­madığı hər kəsə yaxşı məlum olan faktdır. Məhz buna görə də, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağ­lıq Qarabağın birləşməsi”nə çağıran Ermə­nistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası ol­maqla, bu ölkənin çoxsaylı hüquqi və siya­si sənədlərində təsbit edilmiş, Azərbaycana qarşı davam edən ərazi iddialarına son qo­yulmasıdır”.

Ermənistan tərəfinin, guya, Azərbayca­nın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun 14-15 faizini təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğu­nu bildirməsi aidiyyəti beynəlxalq təşkilat­ların hərbi büdcə ilə bağlı yaydıqları mə­lumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir: “Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46 faiz ar­tırması Ermənistanın militarizasiyasını sü­but edən növbəti göstəricidir. Bununla ya­naşı, Azərbaycanın, guya, İtaliyadan silah aldığı barədə Baş nazir tərəfindən səslənən iddia həqiqəti əks etdirmir. Minsk Qrupu ilə bağlı Baş nazirin mövqeyinə nəzər sal­dıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişə­nin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir”.

Ermənistan Baş nazirinin bu problem­ləri göz ardı edilə biləcəyi ilə bağlı məntiqi bu ölkənin dayanıqlı sülhdə maraqlı ol­madığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başla­maq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir: “Ermənistan sülh pro­sesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addım­lardan çəkinməli, beynəlxalq hüququn nor­ma və prinsiplərinə öz əməlləri ilə və real addımlara hörmət etdiyini göstərməlidir”.

XQ

Siyasət