Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması üç gün davam edəcək və avqustun 26-da başa çatacaq.
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bülletenlər avqustun 24-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, o cümlədən ucqar rayonları əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 40 seçki dairəsinə çatdırılıb. Qarşıdakı iki gün ərzində isə, qanunvericiliyin tələblərinə uyğun qaydada, respublikanın bütün digər seçki dairələrinə təhvil verilməsi və bununla da prosesə yekun vurulması nəzərdə tutulur.
Yüksək təhlükəsizlik şəraitində hazırlanan və qorunan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.
Xatırladaq ki, Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə MSK tərəfindən təsdiq edildikdən sonra, avqustun 15-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb. Komissiyanın qərarı ilə 6.516.567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) seçki bülleteni çap olunub.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təhvil veriləcək.
XQ