Azərbaycanlı rəssam Türkiyədə 2 beynəlxalq mükafat qazandı

post-img

Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin (ÇOMÜ) müəllimi  Vahid Novruzov iki beynəlxalq müsabiqənin iştirakçısı və qalibi olub. Bu barədə qəzetimizə vaxtilə Türkiyənin Çanaqqala və Egey universitetlərinin professoru olmuş Aydın İbrahimov məlumat verib. 

Aydın müəllim qeyd edib ki, hər iki müsabiqənin birinci mükafatını alan  Vahid müəllim  universitetin İncəsənət (Gözəl Sənətlər) fakültəsinin müəllimidir. Serbiyada keçirilən müsabiqədə münsiflər heyəti Vahid Novruzovun rəsmini xüsusi qaydada dəyərləndirib və onun çəkdiyi rəsm əsəri dünyanın bir çox ölkələrindən olan 70 rəssamın əsərləri arasından seçilib və  birinci mükafata layiq görülüb.

Vahid Novruzov, həmçinin Rusiyanın Sankt-Peterburq şəhərindəki Ştiqlits Akademiyasının təşkil etdiyi Beynəlxalq sərginin də mükafatçısı olub. Onun beynəlxalq sərgidə nümayiş olunan əsəri  rəsm kateqoriyasında birinci mükafata layiq görülüb.

Qeyd edək ki, Vahid Novruzov 1980–1986-cı illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1993-cü ildə Azərbaycan Rəssamlıq Akademiyasını bitirib. 1995–2000-ci illərdə məzun olduğu Dövlət Rəssamlıq Məktəbində müəllim vəzifəsində çalışıb. Onun rəsmləri Azərbaycan, Türkiyə, Almaniya, Avstriya, Bolqarıstan, Rusiya və Macarıstan kimi ölkələrin bir sıra muzeylərində nümayiş olunmuş və həmişə də yüksək qiymətləndirilmişdir. Vahid Novruzov 2001-ci ildən Çanaqqalada yaşayır, Onsəkkiz Mart Universitetinin İncəsənət fakültəsinin rəssamlıq kafedrasının müəllimidir.  

Namiq Qədimoğlu
XQ

 

Son xəbərlər