Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclasında “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan MR qanunlarında dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.
Ali Məclisin sədr müavini Anar İbrahimov hər iki qanun layihəsi barədə məlumat verib. Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihələri haqqında təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb. “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsi ilə əlaqədar maliyyə naziri Həsən İsmayılov çıxış edib. Sonra qanun səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Fərid Bağırzadə “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi ilə əlaqədar çıxış etdikdən sonra bu qanun da səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran sonuncu məsələ - Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Anar İbrahimov qeyd edib ki, 22 iyul 2024-cü il tarixdə keçirilmiş Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Əliyev Əjdər Zahid oğlu öz ərizəsi əsasında sədr vəzifəsindən azad edilib. Sədr müavini Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd olaraq Orucəliyev Ramil Əli oğlunu təklif edib.
Namizəd haqqında məlumat verilib və Ramil Orucəliyevin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilib.
XQ