Azərbaycan Ağsaqqallar Şurasının üzvləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən unudulmaz şəhidlərimizin xatrirəsini həmişə uca tutur, onların ailələrinə, habelə qəhrəman qazilərimizə daim xüsusi diqqət ayırır, maddi və mənəvi dəstək olurlar. Gənc nəslin tərbiyəsi, maarifləndirilməsi zamanı Vətən uğrunda şəhadətə ucalan igid övladlarımızın misilsiz qəhrəmanlıqlarından bəhs edərək, onları gənclərimizə örnək göstərirlər. Habelə şəhidlərimizin doğum və anım günlərində ağsaqqallar onların ailələrinə baş çəkir, məzarlarını ziyarət edir, keçirilən mərasimlərdə iştirak edirlər.
Ağsaqqallar növbəti dəfə şəhid ailəsini Beyləqan rayonunda ziyarət ediblər. İyul ayının 28-də rayonun Milabad kəndində Qarabağda keçirilən anti-terror tədbirləri zamanı şəhid olan kapitan Həmid Əlisahib oğlu Həmidlinin doğum günü münasibətilə keçirilən anım mərasimində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov başda olmaqla, Gəncə şəhərinin və Beyləqan rayonunun ağsaqqalları yaxından iştirak ediblər.
Ağsaqqallar əvvəlcə rayonun Milabad kəndində, şəhidin doğulduğu evdə ailə üzvlərinə başsağlığı verərək səbr diləyiblər. Sonra mərasim iştirakçıları kənd qəbiristanlığına qədər yürüş edərək şəhidin məzarını ziyarət ediblər. Həmid Həmidlinin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən bütün şəhidlərimizin ruhuna dualar oxuyublar. Mərasimdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid valideyinləri, ictimai xadimlər, qazilər şəhidin məzarı başında çıxış edərək Həmid Həmidlinin şərəfli döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar. Orta məktəb şagirdləri şəhidimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonra tədbir rayon mərkəzində davam etdirilib. Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və təşkilatın bütün üzvləri adından bir daha Həmid Həmidlinin valideynlərinə başsağlığı verib və səbr diləyib, bu cür qəhrəman Vətən övladı böyütdükləri üçün onlara təşəkkür edib. Vurğulayıb ki, öz şücaətləri ilə gənc nəslə nümunə olan Həmid Həmidlinin və bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında və onları böyüdən atalarımız, analarımız qarşısında baş əyirik. Xalqımız öz igid övladlarının əziz xatirəsini daim uca tutacaq, onları heç zaman unutmayacaqdır. Bayram Yusifov öz çıxışında Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinə, həmçinin qəhrəman qazilərimizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən böyük diqqət və qayğıdan da söz açıb. Həmçinin bildirib ki, bu gün şəhid kapitan Həmid Həmidlinin və bütün şəhidlərimizin ruhu şaddır, çünki uğrunda canlarını verdikləri tarixi torpaqlarımıza yeni həyat qayıdır, Qarabağımız gündən-günə dirçəlir, canlanır və gözəlləşir.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və başqaları 44 günlük Vətən müharibəsində Beyləqandan olan qəhrəman övladlarımızın və şəhid kapitan Həmid Həmidlinin hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirməyindən ətraflı bəhs ediblər. Vurğulayıblar ki, onlar Vətən, torpaq və böyük amallar uğrunda canlarından keçərək, gələcək nəsillərin xoşbəxtliyi naminə özlərini bu yolda qurban verməklə ən ali məqama - şəhidlik mərtəbəsinə ucalıblar. Çıxışı zamanı Nurəddin Məmmədov bildirib ki, döyüşlərdə Həmid Həmidli dəfələrlə öz yoldaşlarını ölümdən xilas edib və bu şəxslər arasında gəncəli hərbçilər də olub. Buna görə də şəhid kapitan Həmid Həmidliyə Gəncədə xüsusi ehtiram vardır. O, həmçinin, vurğulayıb ki, Gəncə Şəhər Ağsaqqallar Şurasının təşəbbüsü ilə bəstəkar Svetlana Hüseynova şairə Rəsmiyyə Qocayevanın Həmid Həmidliyə ithaf olunmuş şeirinin sözlərinə mahnı bəstələyib. Bu il mayın 29-da Gəncədə şəhidin valideynlərinin də iştirakı ilə mahnının təqdimat mərasimi keçirilib və bu mahnı şəhidlərə həsr olunmuş müsabiqədə birinci yerə layiq görülüb.
Tədbirdə şəhid valideynləri Əlisahib İsgəndərov, Könül Vəliyeva və həm şəhid anası (Həmid Həmidlinin əmisi Əlizaman İsgəndərov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub), həm də şəhid nənəsi olan Həqiqət İsgəndərova çıxış edərək tədbir iştirakçılarına və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.
Sonda şəhidin adından tədbir iştirakçılarına ehsan süfrəsi verilib.
Qeyd edək ki, 28 iyul 1996-cı ildə Beyləqan rayonunun Milabad kəndində anadan olan Həmidli Həmid Əlisahib oğlu 2002-2010-cu illərdə Cəbrayıl rayonu 21 saylı ümumi orta məktəbdə, 2010-2013-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2013-2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-ci ildə leytenant rütbəsi alaraq təyinatı üzrə N saylı hərbi hissədə tank taqım komandiri, 6 ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri vəzifəsinə təyin olunub. 2019-cu ildə Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışda onun bölüyü l-ci yerə layiq görülüb. 2020-ci il 12 iyul tarixində Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlərdə və İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 8 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə yaralanıb. Kapitan Həmid Həmidli 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid kapitan Həmid Həmidli “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şücaətə görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Ailəli idi. İki övladı yadigar qalıb.