“Qusar rayonu kəndlərinin əksəriyyəti dağlarda yerləşir və iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əhali taxılçılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıqla məşğul olur. Rayonda keçirilən tədbirlərdə, el şənliklərində hamı bir yerdə olur. İndiyədək keçirilən seçkilərdə əhali mütəşəkkil iştirak edib, seçki məntəqələrinə gələrək istədikləri namizədə səs veriblər. Elə seçki məntəqələri olub ki, orada səs vermək üçün uzun növbələr olub. Əminəm ki, qarşıdan gələn növbədənkənar parlament seçkilərində də belə olacaq”.
Seçkilərə hazırlıqdan söhbət açan 61 saylı Qusar dairə seçki komissiyasının sədri Cəlil İbrahimov əlavə etdi ki, hazırda seçkilərə hazırlıq mərhələsini yaşayırıq. Deputat mandatı qazanmaq istəyənlərin namizədliklərini irəli sürmə prosesi davam edir. Hələlik 4 nəfərin namizədliyi təsdiqlənib və onlara imza vərəqələri verilib. Üç nəfəri isə öz razılığı ilə namizədliyini geri götürüb. Onlara heç bir təzyiq göstərilməyib və ya süni əngəl yaradılmayıb. Görünür, mübarizəni sona qədər aparacaqlarına əmin deyillər. Çünki namizədlikləri təsdiqlənənələr 450 etibarlı imza toplamalıdırlar. Bu, o qədər də asan məsələ deyil. Bundan sonra qarşıda daha çətin proseslər durur. Ona görə də özünə arxayın olmayanlar namizədliklərini geri götürüblər.
Siyahılar dəqiqləşdirilir
DSK sədri bildirdi ki, qarşıda duran daha bir ciddi məsələ də seçici siyahılarının dəqiqləşdirilməsidir. Onun sözlərinə görə, indiyədək 51 min 704 nəfər seçici müəyyənləşdirilib. Lakin siyahı tez-tez dəyişə bilər. Bunların arasında qəflətən dünyasını dəyişənlər, ərazimizə qonaq və ya turist kimi gələnlər olur. Ona görə də seçici siyahısının tam dəqiqləşdirilməsi barədə qəti qərar verə bilmirik. Bu qədər seçicinin 65 seçki məntəqəsində səs verəcəyi qərara alınıb. Seçki məntəqələrində hazırlıq işləri başa çatmaq üzrədir. Bu prosesi zamanı tələb olunan bütün ləvazimatlar məntəqələrə çatdırılıb. Hazırda seçici siyahılarının müvafiq yerlərdən asılması işləri gedir.
C.İbrahimov aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsindən də söhbət açdı. O dedi ki, istər dairə, istərsə də məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirmə tədbirlərində və treninqlərdə iştirakı vacibdir.
Maarifləndirmə tədbirləri
Sədr dedi ki, indiyədək Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində keçirilən regional seminar-müşavirələrdə bütün dairə seçki komissiyalarının sədrləri, məhkəmə hakimləri və polis orqanlarının nümayəndələri iştirak edirlər. Maarifləndirmə və məlumatlandırma xarakterli seminar-müşavirədə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə təqdimatlar keçirilir, çıxışlar dinlənilir və müzakirələr aparılır. Bütün bunlar səsvermə günü qarşıya çıxan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.
Əliqismət BƏDƏLOV
XQ